Son yeniləmə: 21 Yanvar 2022 10:53
Bayraqdar.info – “Mil-Muğan Hidroqovşağında meliorativ tədbirlər gücləndirilib”.
Bunu bayraqdar.info-ya yanvarın 21-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, 1972-ci ildə istifadəyə verilən Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi Azərbaycan və İran ərazisində yerləşən 120 min hektar ərazinin suvarılması məqsədilə tikilib: “Hidroqovşağa Meliorasiya və Su Təsərrüfatı Asc-nin tabeliyində olan Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi xidmət edir. Əkin sahələrinin suvarılması üçün istifadə olunan kanallara su Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsi ilə verilir. Kanallarda mütəmadi olaraq su itkisinin qarşısını almaq və su axımını sürətləndirmək üçün lildən təmizlənmə işləri aparılır. İdarədən bildirildi ki, bu il suvarma mövsümü üçün bütün hazırlıqlar artıq yekunlaşıb”.
Qeyd edilib ki, Hidroqovşaq üzərində suyu vaxtında ərazilərə çatdırmaq üçün 6 ədəd seqmentvari qapı: “Bu qapıların da hər birinin su buraxma qabiliyyəti 400 kubmetr saniyədir. Kanallarda su bölgüsünü düzgün aparmaq üçün Araz çayının suyu dəniz səviyyəsindən 142,5 metr yüksək olmalıdır. Bundan sonra su bölgüsünü aparmaq mümkündür. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur”.
Qeyd edilib ki, Hidroqovşaq Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsilə 5 rayona xidmət edir. Bu ərazilərin 27 min hektarı Füzuli rayonunda, 44 min hektara yaxını Beyləqan rayonunda, 27 min hektara yaxını Ağcabədi rayonunda, 5400 hektarı Xocavənd rayonunda və 500 hektarı İmişli rayonu ərazisindədir.