Son yeniləmə: 21 Yanvar 2022 14:03
Bayraqdar.info – Akademik Milli Dram Teatrında “Müqəddəs Filumena” adlı yeni tamaşanın məşqləri davam edir. Tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanır.
Bu barədə bayraqdar.info-ya yanvarın 21-də teatrdan bildirilib.
Qeyd edilib ki, səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Tamaşada baş rollarda xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayır. Tamaşada həmçinin Xalq artisti Cəfər Namiq Kamal, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Cümşüd Zeynalov, Ləman İmanova, Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz, Firuzə Balayeva, Xədicə Novruzlu, Vüsal Mustafayev və Elsevər Rəhimov rol alıb.
Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.
Yaxın günlərdə “Müqəddəs Filumena” tamaşasının premyerasının keçirilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, tamaşanın məşqlərinə 2020-ci ilin fevral ayında başlanılmışdı, premyeranın keçirilməsi planlaşdırılırdı. Ölkədə “Covid-19” virusu ilə əlaqədar xüsusi karantin rejiminin elan edilməsi səbəbindən səhnə əsərinin məşqləri təxirə salınmışdı.