Press "Enter" to skip to content

Kolumbiya mətbuatında “Azadlıq uğrunda iztirablar”

Son yeniləmə: 21 Yanvar 2022 18:36

Bayraqdar.info – Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən LaOtraCara portalında “Azadlıq uğrunda iztirablar” başlıqlı məqalə dərc olunub. 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş məqalənin müəllifi tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxondur.

Bu barədə bayraqdar.info-ya yanvarın 21-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Yazıda 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqının ovaxtkı rəhbəri, müəllifin “saxta sülhpərvər” adlandırdığı Mixail Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun Bakıya daxil olaraq arasında qadınlar və uşaqlar da olmaqla dinc əhaliyə qarşı qətliam törətdiyi bildirilir.

Müəllif silahsız mülki insanlara qarşı tanklardan və ağır silahlardan istifadə edildiyi “Qara Yanvar” faciəsinin Azərbaycan xalqına qarşı öncədən, soyuqqanlı şəkildə planlaşdırılmış hərbi əməliyyat olduğunu, bu zaman törədilmiş cinayətlərin mötəbər beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da öz əksini tapdığını qeyd edir, bu hərbi müdaxilənin əsas sifarişçisinə isə sonradan “qlobal fırıldaq” məhsulu olaraq Nobel Sülh mükafatı verildiyini kinayəli şəkildə vurğulayır.

Sonda müəllif bütün günahsız insan qətlləri, tökülən qanlar və törədilmiş vəhşiliklərin əks təsirə səbəb olduğunu, Azərbaycan xalqının 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa etdiyini və bu gün Azərbaycanın durmadan tərəqqi yolunda irəlilədiyi və bəşəriyyətə öz töhfələrini verdiyini bildirir.

Mission News Theme by Compete Themes.