Press "Enter" to skip to content

Ermənilər sıxışdırdı, Azərbaycan komandası adını dəyişdi…

Erməni təbliğatı Şuşa adına belə reaksiya verir

Son yeniləmə: 21 Yanvar 2022 15:19

Bayraqdar.info – Mediada Azərbaycanın məşhur KVN komandasının ermənilərin basqısı altında öz adını dəyişməsi haqqında xəbərlər dolaşmaqdadır.

Xəbərlərdə deyilir ki, Rusiyanın Soçi şəhərində yanvarın 13-də başlamış KVN yarışmasında “Şuşa” adı altında çıxış edən komanda ikinci turda “Buta” adı ilə çıxış edir.

İlkin siyahıda Azərbaycan komandasının adı "Şuşa"dır
İlkin siyahıda Azərbaycan komandasının adı “Şuşa”dır

Açığı, bu xəbərin doğruluğunu yoxlamaq üçün kiçik bir araşdırma aparmalı olduq və təəssüflər olsun ki, yalan deyilmiş.

Azərbaycan komandası ermənilərin iddia etdiyi kimi, “təxribatçı Şuşa adından imtina edib”. Bunu KVN-in internet saytında yayılmış siyahılardan da görmək olur.

Və "Buta"ya dönmüş "Şuşa"
Və “Buta”ya dönmüş “Şuşa”

Amma iş heç bunda deyil. Ondadır ki, ermənilər sadəcə ad dəyişikliyi ilə gəlməyib Azərbaycan komandasının üzərinə. Onlar Azərbaycanı da, Prezident İlham Əliyevi də ittiham ediblər. Və yazıqlar olsun ki, bunun qarşısında Azərbaycan komandası geri çəkilib, adını belə dəyişəcək qədər zəiflik göstərib.

Hələlik adını dəyişmiş komandanın hər hansı açıqlamasına rast gəlmədiyimiz üçün daha dərinə getmirik. Sadəcə informasiyanı verib ermənilərin iddiaları ilə bağlı bəzi məqamları qeyd edirik.

Görün, ermənilər öz media ruporlarında məsələylə bağlı necə ifadələr işlədir: “On illər boyu KVN müxtəlif ölkələr və şəhərlərdən olan gəncləri bir araya gətirib. O cümlədən Ermənistan və Azərbaycandan. Misal olaraq da “Yeni ermənilər” və “Bakılı oğlanlar” komandalarının çoxillik dostluğunu göstərmək olar. Lakin Əliyevin bugünkü faşist rejimi hər şeyi, o cümlədən yumoristik şounu siyasiləşdirməyi bacarır”.

Və bu iddia və ittihamlar qarşısında Azərbaycan komandası geri çəkilib, adını dəyişməyə belə razı olub…

Ermənilər daha sonra davam edir: “Komandaya Artsaxın işğal edilmiş Şuşi şəhərinin adını təhrif edilmiş formada vermək ilk başdan təxribat idi”.

Və Azərbaycan komandası bu çürük iddialar qarşısında geri çəkilərək adını dəyişib…

Biz hələlik bu məsələni burada qapadırıq. Lakin bu o demək deyil ki, mövzunu izləməkdən vaz keçirik. Əsla. Biz ümid edirik ki, Azərbaycanın adını dəyişmiş KVN komandası məsələyə ağlabatan aydınlıq gətirəcək. Ondan sonra biz də mövzuya yenidən qayıdarıq…

Mission News Theme by Compete Themes.