Son yeniləmə: 21 Yanvar 2022 01:33
Bayraqdar.info – Yanvarın 20-də Vyanada 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə bayraqdar.info-ya yanvarın 21-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramovun qatıldığı tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriyanın işgüzar dairələrinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açıb. Səfir 32 il öncə Sovet ordusunun Bakı, Sumqayıt və ölkəmizin digər şəhərlərində törədiyi qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib. O, qeyd olunan hadisələrin tarixə “Qara Yanvar” kimi daxil olduğunu bildirib.
Sonra xarici işlər naziri C.Bayramov çıxış edib. Nazir, 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Nazir baş verən faciənin xalqımızın iradəsini qıra bilmədiyini, onun müstəqillik arzusunu daha da alovlandırdığını və 1991-ci ildə Azərbaycanın öz müstəqillyini bərpa etməyə nail olduğunu bildirib.
C.Bayramov xalqımızın Ümummilli lideri Heydər Əliyevin 20 yanvar faciəsindən dərhal sonra, 21 yanvar 1990-cı ildə ölkəmizin Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək xalqımızla həmrəylini nümayiş etdirdiyini və baş verən hadisələri kəskin şəkildə qınadığını diqqətə çatdırıb.
Nazir Azərbaycanın ayrı bir şəraitdə, öz ərazi bütövlüyünü təmin edərək 20 Yanvar faciəsində həyatını qurban vermiş şəhidlərimizin xatirəsini andığını qeyd edib. O, 2020-ci ilin noyabrında Müzəffər Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrimizin 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdiyini və Ermənistan-Azərbaycan münaqişəsində son qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nazir xalqımızın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizi heç zaman unutmayacağını, onların əziz xatirəsinin dərin hörmət və ehtiramla anıldığını qeyd edib.
Daha sonra tədbir iştirakçıları 20 yanvar hadisələrinə həsr olunmuş sənədli filmi izləyiblər. Tədbirin keçirildiyi “Urania” kinosalonunun foyesində 20 yanvar hadisələrinə həsr olunmuş fotosərgi nümayiş edilib.