Son yeniləmə: 21 Yanvar 2022 18:23
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2021-ci ildə səmərəli fəaliyyət göstərib. Belə ki, Agentlik tərəfindən 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2850 əlilliyi olan şəxs isə münasib işlərlə təmin edilib.
Bu barədə Agentlikdə Azərbaycan Milli Abilimpiya Federasiyasının nümayəndələri ilə görüş zamanı bildirilib.
Agentlikdən bayraqdar.info-ya yanvarın 21-də verilən məlumata görə, qurumun sədr müavini Cəmaləddin Quliyev əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluq imkanlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüşdə abilimpiya hərəkatının əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişafında, əlilliyi olan insanların əmək reabilitasiyası və peşə ixtisaslarına, məşğulluq imkanlarına yiyələnmələrinin dəstəklənməsində önəmi qeyd edilib. Bu kateqoriyadan olan şəxslərin məşğulluq tədbirlərinə cəlb olunması, fəaliyyətlərinin dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.