Son yeniləmə: 21 Yanvar 2022 17:44
Bayraqdar.info – Son illər atılan addımlar öz müsbət nəticəsini sosial sığorta daxilolmalarında da gösətirir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illərdə ciddi artım tempi özünü göstərib.
ƏƏSMN-dən bayraqdar.info-ya yanvarın 21-də verilən məlumata görə, bunun göstəricisi kimi, sosial sığorta daxilolmalarının həcmi 2017-ci ildə 2085,7 milyon manat, 2018-ci ildə 2327,1 milyon manat, 2019-cu ildə 2921,6 milyon manat, 2020-ci ildə 3553,2 milyon manat, 2021-ci ildə isə 3843,4 milyon manat təşkil edib.
Göründüyü kimi, qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3 faiz və ya 1757,68 milyon manatlıq artım baş verib.
Bu artımın əsasında ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri, o cümlədən məşğulluq imkanlarının və əmək haqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi dayanır.
Qeyd olunan daxilolmaların ötən il 63,5 faizi və ya 2441,2 milyon manatı özəl sektorunun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5 faiz çoxdur.