Son yeniləmə: 20 Yanvar 2022 15:42
Bayraqdar.info – 2021-ci ildə əmək qabiliyyətli qohumları ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha yaşlı və əlilliyi olan 8 min 834 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib. Bu xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən göstərilib.
Bununla bağlı ƏƏSMN-dən bayraqdar.info-ya yanvarın 20-də məlumat verilib.
Bildirilib ki, onlardan 7 min 333-ü ahıl (yaşı 70 və yuxarı olan) şəxslər olub. 1 min 501-ni isə yaşı 70-dən aşağı, əlilliyi olan və tənha yaşayan şəxslər, eləcə də yaşı 65-70 aralığında olan, qohumları ilə birgə yaşamayan, koronavirus pandemiyası ilə əlaqədar müəyyən bir dövrdə evdə sosial-məişət xidməti dəstəyi ilə təmin olunmuş şəxslər təşkil edib.
Sosial xidmətçilər tənha yaşlı və əlilliyi olan şəxslərin evlərinə gələrək onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstəriblər.