Son yeniləmə: 20 Yanvar 2022 15:10
Yeganə Hacıyeva: Ukrayna-Rusiya münasibətlərinin yaxşılaşmasında birmənalı olaraq Azərbaycan və Türkiyə rol ala bilər
Bayraqdar.info – “Dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olmuşdu. Görüşdə Ukrayna Prezidenti Azərbaycan Prezidentindən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə kömək göstərməsini istəyib. Yanvarın 14-də Azərbaycan Prezidentinin Ukrayna Prezidentinin dəvəti ilə Ukraynaya işgüzar səfəri baş tutdu. Bu səfər çərçivəsində iki ölkə arasında 6 hökumətlərarası sənəd imzalandı və həmçinin bir-birinin ərazi bütövlüyünü dəstəkləyən mesajlar verən ölkə rəhbərləri bu istiqamətdə ata biləcəkləri addımlar haqqında da müzakirə apardılar”.
Bunu bayraqdar.info-ya özəl açıqlmasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında dərin bağlar var: “Xüsusilə Ukraynanın ərazi subyekti olan Krımda yaşayan türklərin Azərbaycana həm də milli bağla yaxınlığı var. Eyni sözləri Türkiyə-Ukrayna münasibətləri haqqında da qeyd edə bilərik”.
Politoloq bildirib ki, Azərbaycan Ukraynaya dost və qardaşlıq bağlarından irəli gələn dəstəyindən kənarda həm də bir sıra beynəlxalq platformalarda da dəstək verə bilər: “Azərbaycan həm Türkiyə ilə ortaq, həm də sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində Rusiya-Ukrayna gərginliyinin aradan qaldırılmasında mühüm rol oyanya bilər. Bildiyimiz kimi, ABŞ-ın, Avropa Birliyinin Ukrayna mövzusundakı tələb, təklif və nizamlama səyləri konflikti daha da dərinləşdirdi və faktiki olaraq Ukrayna ilə Rusiya üz-üzədir. 2014-cü ildə Ukrayna ümumi bir seçim etmişdi. Bu seçim uzunmüddətli hesabda dövlətin riskləri, xalqların maraqları baxımından doğru və ən əsası faydalı qərar deyildi. Həmin dövrdə Avropa ilə Ukraynanın yaxınlaşmasında hərəkətverici qüvvə olan ABŞ bu gün Ukrayna sərhədlərində Rusiya qüvvələrinin cəmləşdiyi bir dövrdə Ukraynaya söz verdiyi 200 milyonluq hərbi yardımı belə dayandırıb. Bu yardımın verilməsi üçün bir neçə şərt irəli sürülüb. Şərtlərdən biri Ukraynadakı daxili proseslərə aiddir. Qərbin təhrikləri ilə Rusiya ilə üz-üzə, müharibə vəziyyətində qalan Ukrayna indi həm də onların hansısa şərtlərini qəbul etməlidir”.
Y.Hacıyeva deyib ki, bütün bunlar Ukraynanın Qərbin müharibə təhrikinə deyil, əsl dost ölkələrin, Türkiyənin və Azərbaycanın sülh vəd edən təklifinə loyal yanaşmasını diqtə edir: “Rusiya-Ukrayna gərginliyi müharibə deyil, sülh yolu ilə aradan qaldırılmalıdır. Bu dövlətləri barışdırmaq üçün səylər göstərilməlidir. Bu kontekstdə son illər xarici siyasətdəki uğurları onu göstərir ki, Azərbaycan beynəlxalq aktor kimi uğurlu oyunçudur və bizim vasitəçilik təcrübəmiz var. Biz tarixən həmişə barışdırıcı və neqativi pozitivə çevirmə mədəniyyətinə xas bir xalqıq. Bu, bizim dövlətçilik ənənəmizdə də öz izini buraxıb”.
[…] Rusiya-Ukrayna gərginlyi sülh yolu ilə aradan qaldırılmalıdır […]