Press "Enter" to skip to content

Nadir Azəri: Artıq iki ildir xalqımız Şəhidlər xiyabanına daha qürurla, alnıaçıq, üzüağ gəlir

Son yeniləmə: 20 Yanvar 2022 18:50

Bayraqdar.info – Bu gün 1990-cı ilin qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Azərbaycan xalqı hər il olduğu kimi, bu il də həmin o müdhiş gecədə şəhid olmuş igid oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir. Amma artıq 2 ildir ki, xalqımız Şəhidlər xiyabanına daha qürurla, alnıaçıq, üzüağ gəlir. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri söyləyib.

N.Azərinin sözlərinə görə, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz göstərdi ki, biz qəhrəman, öz ərazi bütövlüyünü qanı ilə bərpa edən bir xalqıq: “Onu da deyim ki, bu müharibə zamanı bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin də qisası alındı. İndi onların ruhu şaddır. Çünki məhz 20 Yanvar şəhidlərinin o gecədə qanlı imperiya ordusuna qarşı göstərdikləri müqavimət nəticəsiz qalmadı. Bu gün onların uğrunda şəhid olduqları bütün arzu və ideallar reallıqda öz əksini tapıb”.

QHT təmsilçisi vurğulayıb ki, bu gün qalib və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan yeni-yeni uğurlara hədəflənib: “Bir sözlə, qazandığımız hər uğura görə həm də 20 Yanvar şəhidlərinə borcluyuq. Çünki həmin müdhiş gecədə o şəhidlərin timsalında Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə aparmaq əzmini bütün dünyaya nümayiş etdirdi”.

Mission News Theme by Compete Themes.