Press "Enter" to skip to content

Eskişehirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Son yeniləmə: 20 Yanvar 2022 13:38

Bayraqdar.info – Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi “Çərşənbə söhbətləri”nin bu həftəki mövzusu “Azadlığın qanla yazıldığı gecə – 20 Yanvar 1990” olub.

Bu barədə bayraqdar.info-ya yanvarın 20-də Dərnəkdən məlumat verilib.

Bildirilib ki, yanvarın 19-da keçirilən tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Dərnəyin sədr müavini Sirac Yaquboğlu 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib, həmin anların şahidi olan insanlarla söhbətindən danışıb.

“1990-cı il 20 Yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi heç vaxt unudulmayacaq” deyən natiq çıxışında onu da bildirib ki, 20 Yanvarda qanlı torpağa qırmızı qərənfillər düzüldüyündən, qərənfil həmin günün simvolu olub. Bunun ardınca S.Yaquboğlu faciəyə həsr edilmiş şeirlər, o cümlədən Məmməd Arazın “Ağla, qərənfil, ağla” şeiri haqqında iştirakçılara məlumat verib.

Daha sonra azərbaycanlı tələbələrdən Şamama Xəlilova Bəxtiyar Vahabzadənin yazdığı “Şəhidlər” şeirini söyləyib.

Tədbir Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydının çıxışı ilə yekunlaşıb. Dərnək sədir çıxışında 20 Yanvar faciəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu deyib. O, Azərbaycanın müstəqilliyinə gedən yolda canlarını qurban vermiş şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını bildirib.

Mission News Theme by Compete Themes.