Press "Enter" to skip to content

20 Yanvar 1990: Azərbaycan xalqının yenidən doğulduğu gün

20 Yanvar 2022. Şəhidlər Xiyabanı

Son yeniləmə: 20 Yanvar 2022 19:36

Bayraqdar.info – Bu gün o gündür. 20 yanvar. 32 il öncə Sovet hərb maşınının bütün gücü ilə Bakı başda olmaqla Azərbaycanı içəridən işğal etdiyi gün.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük bir imperiya əlində adi bir mətbəx bıçağı belə olmayan dinc insanlara qarşı ən ağır silahlar və texnika ilə hücuma keçdi.

Məqsəd bir millətin iradəsini sındırmaq, gözünü qorxutmaq, dizə gətirmək idi. Düşünürdülər ki, bu yolla bütöv bir milləti özünüdərk və azadlıq yolundan çəkindirə biləcəklər.

Alınmadı. İstəklərinə çata bilmədilər. Gözünü qorxutmaq istədikləri millət daha da möhkəmləndi, bərkidi və toparlandı, bir oldu.

Bizi bir gecənin içində heçə saymaq istədilər, bir ömürlük – əbədi olaraq daha qətiyyətli olduq!

Rus-Sovet imperiyası Azərbaycan xalqını tarixin daha bir mərhələsində əzmək üçün nələr etmədi?

Əvvəlcə informasiya blokadasına aldılar. Yeganə TV kanalı olan Az.TV-nin enerji blokunu partlatdılar ki, insanların xəbərləşməsini kəssinlər.

Sonra da heç bir xəbərdarlıq, çağırış etmədən, özü də gecə saat 12.00-da bir düyməyə basmaqla tam “cəbhə” boyu hücuma keçdilər.

Qarşılarına çıxan hər kəsə güllə yağdırdılar onlar. Evlərin içinə qədər gülləbaran edildi. Səs-küyə balkona çıxanlar, sadəcə yoldan keçənlər belə nəsibini aldı bu böyük vəhşətdən!

Çarlıq Rusiyasının “layiqli” varisi olan, “Sovet” adı altında maskalanan çağdaş Rusiya bir daha öz xislətini təkcə Azərbaycana deyil, bütün dünyaya göstərdi!

Bizi sındırmaq istədilər! Usandırmaq, boyun əydirmək istədilər! Alınmadı! Hesabları düz olmadı!

Biz o gecədən yeni bir millət olaraq çıxdıq! Bütün dünya gördü ki, ən müasir silahlarla silahlanmış böyük bir imperiyanın ən amansız ordusunun qarşısında dayanacaq qədər qüdrətli bir xalq var! O xalq biz idik!

İnformasiya blokadasında idik. Hər tərəfi yıxıb dağıtmışdılar. Düşünürdülər ki, bununla da məsələ bitdi, Azərbaycan xalqı bir daha özünə gələ və azadlıq tələb edə bilməz!

Bizsə əksini sübut etdik! Şəhid qanıyla sübut etdik bunu! Yalın canımızla qanlı imperiya ordusunun qarşısına çıxacaq qədər cəsarətli olmağımızla göstərdik!

Bizə silah tuşladılar. Üzərimizdən tanklarla keçdilər. Yeriyən nə varsa avtomat atəşinə məruz qoydular. Sandılar ki, bitdik, usandıq, bir daha baş qaldırmarıq.

Amma ki, biz bütün bunları toy-bayram kimi qəbul etdik – yaşadıq. Üzərimizə gələn qanlı irticanın üzünə güldük. Sinəmizə tuşlanan silahlara baxıb köksümüzü gen açdıq və dedik ki, səndən qorxan sənin kimi olsun!

Biz onları heç bir silahımız olmadan yendik! Qorxutduq onları! Heyrətə qərq etdik! Anladılar ki, böyük bir imperiya olmaqla deyil. Ürək – qətiyyət və inanc yoxdursa heç nəyə nail olmaq mümkün deyil!

Biz rus-Sovet imperiyasının qanlı caynağından bir dəfə daha üzüağ çıxdıq 20 yanvar 1990-cı ildə!

20 yanvar olayları bir tərəfdən faciədir. Çünki şəhidlər verdik, böyük və yeri doldurulmayacaq itkilərimiz oldu. Amma bu tarix Azərbaycan xalqı üçün daha bir qürur səhifəsi oldu!

Biz qürurluyuq! Ona görə ki, yalın canımızla böyük bir imperiyanın ən güclü ordusunun qarşısına çıxıb onu iradəmizlə – qətiyyətimizlə yendik!

Yendik və sonra da imperiya zəncirlərindən qurtularaq müstəqil dövlətimizi bərpa etdik!

Biz 20 yanvar 1990-dan sonra yenidən doğulmuş millət kimi çıxdıq dünya müstəvisinə!

Bizə hörmət artdı. Tanımayanlar tanıdı, bizi öyrənməyə başladı!

Biz 20 yanvar 1990-dan başlayan dirənişin ruhunu yaşatdıq, dövlətimizi qurduq, dünyaya təqdim etdik!

O ruh bizi 2020-ci ilin 44 günlük müqəddəs Vətən savaşında da qalib etdi!

Biz 20 yanvar 1990-da sınsaydıq, ruhdan düşsəydik və özümüzü əzilmiş hiss etsəydik yəqin ki, 2020-ci ilin müzəffər Qarabağ savaşı da olmayacaqdı!

Belə! Biz bu millətik! Bilənlər bildi, hesaba aldı. Hesaba almayanlar da bir daha öyrənsin bizi!

Sonda: Arzu edənlər müəllifi olduğum Mən tanıqlıq edirəm adlı kitabımdan 20 yanvar olayları haqqında daha geniş bilgi ala bilər. Hadisələrin birbaşa içində olan birisi kimi gördüklərimi qələmə almışam. Tarix üçün…

Mission News Theme by Compete Themes.