Son yeniləmə: 19 Yanvar 2022 10:51
Bayraqdar.info – Yanvarın 17-də həyəcan təbili çalmışdıq. Sosial mediada qarşımıza çıxan bir şəkildə Azərbaycanın müasir tarixinin saxtalaşdırılması faktı göstərilirdi. Özü də elə göstərilirdi ki, belə bir yalan birbaşa ermənilərin və 1990-cı ilin 20 yanvarında Bakı başda olmaqla Azərbaycanın bir sıra bölgələrinə hücum edib dinc əhalini qıran rusların (Sovet adı altında olsa da gələn ruslardı – A.H.) işinə yaraya bilərdi. İşin daha dəhşətli yönü isə bu idi ki, həmin ağ yalan və antimilli qaralama Azərbaycan məktəblərində bizim uşaqlarımıza öyrədilmək üçün uydurulmuşdu.
Söhbət Azərbaycandakı rus məktəblərinin 4-cü sinfi üçün nəzərdə tutulmuş “Rus dili” dərsliyindən gedir. 20 yanvar hadisələrinin iştirakçısı və canlı şahidi olaraq kiçik bir mətndə, öz məktəblərimizdə öz balalarımız vasitəsilə Azərbaycan xalqına atılan böhtanı görüncə tüstüm təpəmdən çıxmışdı. Nə gizlədim, sarsılmışdım əməlli-başlı. Bunu ermənilər illərdir edir. Rusiya dövlətinin çox zaman rəsmi təbliğat maşını da edir. Öyrəncəliyik. Başa düşürük, düşmən düşmənliyini edir. Lakin birbaşa Azərbaycan məktəblisinə erməni və rusun uydurduğu yalanları sırımaq heç cür qəbuledilən və anlaşılan deyil, ola da bilməz!
Qeyd olunan paylaşımdakı mətndə açıq ifadələrlə yazılırdı: “Qoşunlar silahdan istifadə edərək şəhərə gələn yollardakı piketləri dağıtdılar. Əsgərlərin Xalq Cəbhəsi könüllüləri ilə küçə döyüşlərinin gedişində dinc sakinlər həlak oldu”.
Saxtalaşdırma növbəti səhifədə də davam edir. Şəkilə baxanda hər kəs bunu görə biləcək. İstər öldürülən və yaralananlarla bağlı rəqəmlər, istərsə də ümumiyyətlə kimlərin öldürülməsi haqqında saxta bilgi diqqət çəkməyə bilməz. Müəlliflər iddi edir ki, “öldürülənlər arasında dinc sakinlər də olub”muş. Bu yolla da beyinlərə yeridilir ki, öldürülənlər yalnız dinc sakinlər deyilmiş. Guya ki, az öncə iddia etdikləri kimi, silahlı könüllülər idi öldürülənlər. Üstəlik də yalandan iddia edirlər ki, rus hərbçiləri arasında da öldürülənlər olubmuş. Və bu yalanları Azərbaycan balalarına sırımağa çalışan hər iki müəllif günü bu gün də Azərbaycan məktəblərində müəllim kimi işləyir…
Bir daha diqqət! Bu kitabı yazanlar iddia edir ki, o gecə Bakıda əlində silahla könüllülər olub və rus işğalçı qoşunu da məhz onlara qarşı vuruşmaq üçün silahdan istifadə edib!
Yalan! Yalan! Yalan!
Belə bir iddianı ancaq və ancaq erməni sevgisi olan, Moskvanı qibləgahı sayanlar edə bilər!
Təbii ki, məsələ ictimailəşdi. Ciddi narazılıq doğurdu və nəticədə kitabın harada nəşr edildiyi müəyyənlədirilərək nəşriyyata sual ünvanlandı. Cavab isə özü boyda yalan oldu! Bəli, yalan!
Haşiyə: Kitabdakı materialların böyük əksəriyyəti rus millətindən olan yazıçı və şairlərə aiddir…
“Şərq-Qərb” nəşriyyatından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdə ekspertizadan keçir:
“Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün trims.edu.az saytında yerləşdirilir. Ümumi təhsil müəssisələrinin tədrisi rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən mətndə (səh.105) tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək trims.edu.az saytında yerləşdirilib”.
Burda yalan olan nədir, bilirsinizmi? “Tərcümə xətası”! Rus məktəbləri üçün “Rus dili” dərsliyi hansı dildən tərcümə edilir ki? Ümumiyyətlə, bunun məntiqi hardadır? Axı bu dərslik nəşriyyata da, elə ekspertlərin araşdırmasına da məhz rus dilində təqdim edilməlidir və edilir də! Elə isə “Şərq-Qərb” niyə yalandan “tərcümə xətası” haqqında nağıl uydurur? Kimin başını aldadırsınız ümumiyyətlə? Və ümumiyyətlə sizdə belə hallar niyə olur? Bəlkə orda məxsusi olaraq bu işləri düzüb-qoşan kimsə oturur? Ola bilməzmi? Misal üçün, Dövlət Təhlükəsizliyi Xidməti niyə bu qurumda köklü bir araşdırma aparmasın?
Sözümüzü havadan demirik. Çünki 2017-ci ilin oktyabrında da bənzər bir saxtalaşdırma haqqında məlumat vermişdik və naşir yenə də “Şərq-Qərb” idi.
http://www.azerhasret.com/?p=5228
O dövrdə sosial mediada paylaşdığımız kiçik bir mətn: “Təsəvvür belə etmək istəməzdim, amma bu, baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir “Şərq-Qərb” nəşriyyatıdır. Və bəlli olub ki, bu tarix dərsliyində dənizdən dənizə “böyük Ermənistan”ın xəritəsi verilib! Səs-küy qopub, etirazlar başlayıb, Nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb. Ola bilər ki, proses hələ başa çatmayıb. Hər yoldan ötənə dərslik yazdırıb, hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur. Mövzu diqqətimizdədir”.
Və ən maraqlısı isə odur ki, həmin dərslik Azərbaycan bölməsi üçün hazırlanıb, sonradan rus bölməsi üçün tərcümə edilib. Elə o tərcümə nəşrində də Azərbaycan nəşrindən fərqli olaraq “böyük Ermənistan” xəritəsi verilib. Bunu dərsliyin həmmüəlliflərindən biri o günlərdə mediaya açıqlamasında demişdi.
Belə bir durum bir daha onu deməyə əsas verir ki, “Şərq-Qərb” nəşriyyatında rus sektoru üzrə işləyən və konkret olaraq Azərbaycan tarixini hər fürsətdə saxtalaşdırıb erməni dəyirmanına su tökməklə məşğul olan şəxs(lər) var. Ona görə də deyirəm ki, işlə DTX-nın məşğul olması vacibdir.
Əlavə edək ki, istər 2017-ci ilin məlum “böyük Ermənistan” xəritəsi olayında, istərsə də hazırkı 20 Yanvar saxtalaşdırmasında nəşriyyatın kimisə cəzalandırdığı haqqında ictimaiyyətə məlumat verilməyib. Mümkündür ki, ümumiyyətlə heç kim cəzalandırılmayıb və hətta cəzalandırılması məsləhət deyilmiş…
Sonda: 2017-ci il olayında Təhsil Nazirliyinin saxta xəritəli kitabları yığışdırmaq tapşırığı verdiyi haqqında xəbər vardı. İcra durumunu bilmirik. Amma indiki 20 Yanvar saxtalaşdırmasıyla bağlı kitabların yığışdırılması haqqında hansısa tapşırığın olduğu barədə məlumatımız yoxdur…
Sözardı: 20 Yanvar saxtalaşdırılması ilə bağlı müzakirələrimiz zamanı Facebook-da şəxsimə bir Azərbaycanlı gəncin paylaşımlarını göndərdilər. Ölkəmizin və xalqımızın tarixini göz görə-görə saxtalaşdıran antimilli paylaşımlar idi bunlar. Bəzən sual veririk ki, niyə gənclərimiz belə antimilli mövqedə olurlar? Sualın cavabı bu yazımızdadır. Məktəb öyrədir onları buna bəzən. Hələ biz məktəblərdə müəllimlərin açıq şəkildə şagirdlərə antimilli ruh aşılamasını demirik. Belə hallar da az deyil…