Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə cütlüyünün sülh missiyası

Nadir Azəri

Son yeniləmə: 19 Yanvar 2022 20:50

Ankara ilə Bakı Rusiya-Ukrayna gərginliyinin müharibə deyil, sülh yolu ilə aradan qaldırılması üçün hərəkət keçib

Bayraqda.info – Artıq xeyli müddətdir ki, dünyanın nəzərləri Qara Dəniz regionuna, konkret desək Ukrayna-Rusiya “cəbhəsi”nə yönəlib. Bəli, Qərbin aparıcı təhlil mərkəzləri, o cümlədən öndə gedən təhlilçiləri Kiyevlə Moskva arasındakı gərginliyi məhz “bu gün, sabah başlayacaq qanlı müharibə” prizmasından dəyərləndirirlər.

Amma Qərbin müharibə ssenaristlərindən fərqli olaraq, regionda hər hansı qanın tökülməsini istəməyən, həmçinin bunun üçün öz səylərini əsirgəməyən dövlətlər də var. Söhbət Azərbaycan və Türkiyədən gedir. Bu yazımızda həmin cəhdlərlə bağlı məqamlara işıq salmağa çalışacayıq.

Kremldən Recep Tayyip Erdoğanın vasitəçilik təklifinə isti yanaşma

“Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq.” Bunu Kremlin sözçüsü Dmitriy Peskov deyib.

Anadolu Ajansı xəbər verir ki, D.Peskov Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Rusiya və Ukrayna dövlət başçılarını iki ölkə arasındakı problemləri həll etmək üçün Türkiyəyə dəvət etməsi ilə bağlı məsələni dəyərləndirib.

Jurnalistlərin məsələyə dair sualını cavablandıran D.Peskov Rusiya ilə Ukrayna arasında əsas mübahisənin Kiyevin Minsk razılaşmalarının icrasını dayandırması ilə bağlı olduğunu söyləyib. Kremlin sözçüsü “Türkiyə Ukraynaya Minsk razılaşmalarını yerinə yetirmək üçün təsir göstərə bilsə və onları daha əvvəl əldə edilmiş razılaşma və öhdəlikləri yerinə yetirməyə təşviq edə bilsə, bunu alqışlayacaqlarını” deyib.

Xatırladaq ki, Türkiyə Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın Cümhurbaşqanı R.T.Erdoğanın Rusiya ilə Ukrayna arasındakı problemlərin həlli üçün həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdığını bildirib. O, R.T.Erdoğanın istəyəcəkləri halda hər iki prezidenti Türkiyəyə gəlməyə, aralarındakı problemləri həll etmək üçün Türkiyədə bir görüş keçirməyə dəvət etdiyini də söyləyib.

Azərbaycanın sülhsevər missiyası

Bu məqamda son günlər cərəyan edən bəzi proseslər və səslənən fikirlərə toxunmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Ukraynaya işgüzar səfər etdi. Bu səfərin rəsmi hissəsi barədə mediada kifayət qədər məlumatlar səslənib. Amma biz səslənməyən məqamın üzərində dayanmaq istərdik. Söhbət səfərin Ukrayna-Rusiya gərginliyinin zirvəyə çatdığı dövrdə baş tutmasından gedir.

Belə ki, siyasi kuluarlarda bu səfərin ana xəttini təşkil edən əsas maddənin Azərbaycanın vasitəçilik missiyası olduğuna dair iddialar səslənir. Həmin iddialara əsasən həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərdə olan Azərbaycan bu iki ölkə arasında hər hansı münaqişənin baş verməməsində maraqlıdır. Üstəlik 2020-ci ildə baş verən 44 günlük Vətən savaşında əldə edilən tarixi Zəfər fonunda yaranmış yeni reallıqlar da nəzərdən qaçmamalıdır. Yəni həm Rusiyanın, həm də Ukraynanın Cənubi Qafqaz regionunda reallaşacaq layihələrdə yaxından iştirakı Azərbaycan üçün arzuediləndir.

Digər tərəfdən 44 günlük Vətən savaşında Azərbaycana mənəvi-siyasi, o cümlədən diplomatik dəstək verən qardaş Türkiyə də Ukrayna-Rusiya gərginliyinin savaşa dönməməsindən yanadır. Məhz bu kontekstdə Azərbaycan Prezidentinin yanvarın 14-də Ukraynaya reallaşan səfərininin pərdə arxasında Moskva ilə Kiyev arasında vasitəçilik missiyasının dayandığına dair iddialar inandırıcı görünür.

Bu səfərdən sonra verilən açıqlama və yayılan xəbərlər isə həmin iddiaların həqiqətə yaxın olduğuna inamı birə min artırır. Məsələ burasındadır ki, yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib. Bununla bağlı yayılan xəbərdə deyilir ki, dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub. Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Göründüyü kimi, diqqətlə yanaşsaq burada Ukrayna amili ön sıradadır. Digər məsələlər isə, belə demək mümkündürsə, diqqət yayındırmaq üçündür.

Müharibəni siyasət tarixindən silib atmaq lazımdır

Nə qədər təsadüfi görünsə də, məhz bu telefon danışığı ilə eyni gündə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan da Ukrayna-Rusiya gərginliyi və bunun fonunda Azərbaycan Prezidentinin Ukraynaya səfəri üzərinə vurğu edib. Albaniya səfərinin yekunlarını media təmsilçiləri ilə bölüşən Cümhurbaşqanı Ukrayna-Rusiya gərginliyinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bir daha vurğulayıb.

“Türkiyə böhranın hər iki tərəfi ilə yaxşı münasibətləri olan bir ölkədir” deyən R.T.Erdoğan Rusiyanın Ukraynaya müdaxiləsini real yanaşma kimi görmədiyini bildirib.

Ən maraqlısı isə Türkiyə Cümhurbaşqanının sonrakı sözləri olub: “Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. İndi mən də İlham bəylə danışacağam. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etmək lazımdır. Çünki bu regionlar artıq müharibəni qəbul edə bilməz. Artıq müharibəni siyasət tarixindən silib atmağımız lazımdır”.

Mənzərə tam aydınlaşır

Beləliklə, mənzərə tam aydınlaşır. Görünən odur ki, Türkiyə-Azərbaycan cütlüyü Xəzər-Qara Dəniz regionunda əbədi sabitliyin təmini üçün hərəkətə keçib. Bu istiqamətdə ilk addım Qarabağ münaqişəsinin həlli, ikinci addım da Ukrayna-Rusiya gərginliyinin aradan qaldırılmasına yardım ola bilər. Xüsusilə də yuxarıda vurğuladığımız kimi, Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda Türkiyə və Azərbaycan Kiyev-Moskva münasibətlərinin qanlı münaqişəyə çevrilməməsində maraqlıdır. Özü də təkcə maraqlı deyil, Ankara ilə Bakı həm də bu istiqamətdə real işə başlayıb.

Vasitəçilik cəhdlərinə verilən reaksiyalara gəlincə, D.Peskovun yuxarıdakı açıqlaması Rusiya prizmasından gələcəyə ümidlə baxmağa kömək edir. Bircə qalır Ukrayna. Yəqin ki, Kiyevin idarəçiləri də məsələlərə soyuq başla yanaşmaqda özlərində güc tapacaqlar. Əks təqdridə Qərbə bel bağlamaq, heç də hər zaman uğur gətirmir. Əksinə, ortada Gürcüstan örnəyi, elə Ukraynanın öz başına gələnlər də var…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.