Press "Enter" to skip to content

“Min bir gecə”nin “999-cu gecəsi”ndə – FOTO

"999"-cu gecə tamaşası

Son yeniləmə: 19 Yanvar 2022 13:23

İkili səhnədə yaşananlar

Bayraqdar.info – “999-cu gecə” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində canlanır. İşıqlar sönür, pərdə açılır.

Səhnə. Sağ tərəfdə pinəçiliklə (çəkməçi) məşğul olan kasıb Maruf (aktyor Nicat Əli) başını salıb öz işini görür. Onun arvadı, ifritə Fatma (aktrisa Gültac Əlili) isə əlində ləyən və sutökənlə hissələrə bölünmüş zirzəmidə yuxarıdan sallanan ayaqları bir-bir yuyub qurulayır. O, bu yuxarı təbəqə adamlarının yalnız ayaqlarını görür, üzlərini isə heç vaxt görə bilmir. Hər gün zirzəmidə belini əyib varlı təbəqənin ayağını yuyan bu qadın iş gününün sonunda bütün acığını yazıq, kasıb ərindən çıxır. Onun üstünə çımxırır, qışqırır, döyür, təhqir edir. Ərinə ağrıyan belini masaj etdirir, ondan paxlava istəyir.

Dekorasiya ilə ikiyə bölünmüş səhnənin xüsusi simvolik mənası var: yuxarı və aşağı təbəqəni, zəngin və kasıbları özündə ehtiva edir. Aşağıda yaşayanlar yuxarıdakıların zəngin həyatını heç cür görə bilmir.

“999-cu gecə” tamaşası

Günlərin bir günü arvadı tərəfindən döyülən pinəçinin bu halını uzaqdan müşahidə edən saray əyanı ayaqqabısını düzəltdirmək bəhanəsi ilə ona yaxınlaşır. Sarayın eşikağası (aktyor Əliməmməd Novruzov) ayaqqıbısını düzəltdirir, çəkməçiyə qızıl pul və paxlava verir. Qızıl pulları və paxlavanı sevinərək arvadına gətirən Maruf sonucda yenə onun təhqirləri və döyməsi ilə üzləşir. Bunu görən eşikağası Marufa deyir ki, “bu nə həyatdır axı sən yaşayırsan, gəl səni bu ifritə arvdın əlindən qurtarım, mənimlə gedək saraya”.

Pinəçi varlı tacir kimi saraya daxil olur

Səhnə. Bu dəfə şah sarayıdır. Bşında iri bir tac, bər-bəzəkli təxti-rəvanda əyləşmiş padşahın (Əməkdar artist İqrar Salamov) yanında zər-zibalı geyimdə əyan-əşrəfləri, vəzir-vəkili və qəfəsdə iri bir Tutu adlı tutuquşusu da (nağıl-tamaşanın rejissoru Elməddin Dadaşov) var. Şahın Reyhan (aktrisa Mehriban Zalıyeva) adlı gözəl bir qızı var və zər-zibalı geyimdə, başında şahə qalxmış gürzə ilanı formasında tac olan vəzir (Hüseyn Əlili) bu qızla evlənmək istəyir. Reyhan isə onu sevmir. Bu zaman Marufu saraya gətirən eşikağası ona saray əyanı geyimi geyindirərək varlı tacir kimi şaha təqdim edir.

“999-cu gecə” tamaşası

Tamaşada proseslər düyün nöqtəsinə doğru irəliləyir. İlan vəzir Marufun heç də varlı tacir olmadığını və şahı aldatdığını bildirir. Şah isə vəzirə inanmır və qızını bu uzaq ölkədən – Bakıdan gələrək özü ilə çoxlu ipək, qumaş, sandıq-sandıq qızıl və Bakı çörəyi gətirən tacirə ərə vermək fikrindədir.

“999-cu gecə” tamaşası

“999-cu gecə” nağıl-tamaşası “Min bir gecə” motivləri əsasında hazırlanıb. Tamaşadakı səhnələr, hadisələr “Min bir gecə” nağıllarından qaynaqlanır və Şəhrizadın “Min bir gecə”də danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb. Bu nağıl-tamaşada həm “Ələddinin sehrli çırağı” nağılından epizod var, həm də müasir dövrlə uyğunlaşdırılıb.

Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Marufla Reyhanın sevgisi

Səhnə. Gözəl rəqqasələrin müşayiəti ilə şahın otağına daxil olan Reyhanla Maruf bir-birini görür. Maruf bu zərif qıza vurulur. Reyhan əvvəl Marufu bəyənməsə də “Dağlar qızı Reyhan” mahnısını oxuyaraq onun ayağındakı ayaqqabını çıxarıb təmir etməsi qızda ona qarşı rəğbət yaradır. Nəhayət, gözəl Reyhan Marufa ərə getməyə razı olur. Onlar evlənirlər. Marufun daxilindəki insanlığı, saflığı görən Reyhan ona vurulur.

“999-cu gecə” tamaşası

İfritə Fatma isə Marufu axtara-axtara gəlib şahın ölkəsinə çıxır. O, təsadüfən Marufu və Reyhanı birlikdə görür. Maruf isə özünü danır. Deyir ki, mən Maruf deyiləm. Bunu görən Reyhan Fatmanın kim olduğunu soruşduqda Maruf arvadı olduğunu gizlədir və onu sədəqə istəyən qadın kimi təqdim edərək sarayın xəzinəsindən bir kisə qızıl verir. Bundan xəbər tutan başqa kasıblar da sədəqə istəyirlər. Maruf sarayın xəzinəsini sədəqə kimi camaata paylayır və xəzinə boşalır. Bu vaxr Maruf Reyhana deyir ki, gəl buralardan gedək. Reyhan isə razı olmur, Marufdan bir müddət qaçıb gizlənməsini istəyir. Çünki xəzinənin boşaldığını görən padşah Marufu cəzalandıra bilər.

Maruf zəncirlənir

Səhnə. Şah, vəzir, eşikağası və Tutu xəzinənin boşalması və Marufun yoxa çıxmasından xəbər tuturlar. Fürsətcil vəzir şahı yanlayaraq deyir ki, görürsənmi, kürəkən fırıldaqçı çıxdı, səni də aldatdı, Reyhanı da. Marufu saraya gətirən əyanın yaxasından yapışan saray əhli onun harada olduğunu soruşur. Əyan isə Marufun çox varlı olduğunu, xəzinədəki qızılları kasıblara sədəqə payladığını və indi də sədəqə paylamaq üçün getdiyini bildirir. O, Marufun bu xəzinədəki qızıllardan qat-qat artıq var-dövlətə sahib olduğunu bildirir. Şah ona inanır.

“999-cu gecə” tamaşası

Maruf isə öz şəhərinə, ifritə arvadının yanına qayıdır. Arvadı isə onun bahalı paltarlarını çıxararaq yenə köhnə, cırıq paltarlarını geyindirir və zəncirlə evə bağlayır ki, qaçıb getməsin. Göz yaşları içində günlərlə ac-susuz qalan Maruf Reyhan deyib nalə çəkir.

Sehrli üzük və Cin-Qazının gəlişi

Səhnə. Zəncirlə evə bağlanmış gözü yaşlı Maruf huşunu itirir. Bu vaxt onun gözünə saraydakı rəqqasə qızlar görünür və o, onların arasında Reyhanı axtarır. Lakin tapa bilmir. Ayıldıqda isə qarşısında bir üzük görür. Üzüyü götürüb əlində baxır və barmağına taxaraq qaşını təmizləyir. Bu vaxt baş verənlər isə artıq interaktiv tamaşadır.

Zalda mobil telefon səsi. Zalda ucadan danışan bir kişi səsi. Və budur, o, telefonla danışa-danışa səhnəyə doğru gedir. Səhnədə Marufa “buyurun, sizi eşidirəm, mənim ağam” deyərək özünü “El Cino” kimi təqdim edən Cin və Qazı (aktyor Elçin İmanov) Marufu zəncirlərdən xilas edərək onun arzusunu yerinə yetirir və yenidən saraya aparır.

“999-cu gecə” tamaşası

Bundan sonra baş verənləri yəqin ki, oxucu özü təxmin edir. Sehrli üzük əldən-ələ keçir. Marufa şərab verən vəzir üzüyü onun barmağından çıxarıb öz barmağına taxır və şahı Marufla birlikdə cəhənnəmə göndərməyi Cinə əmr edir. Cəhənnəm isə aşağı təbəqədə idi. Daha sonra üzük ifritə Fatmanın əlinə keçir və bu dəfə o, Reyhanın öldürülməsini əmr edir. İndi də Reyhan cəhənnəmə atılır. Nəhayət, üzük Cin və Qazının əlinə keçir və o, Marufu Reyhanın yanına, Fatma ilə vəziri isə cəhənnəmə göndərir. Tamaşada xeyirlə şərin mübarizəsində çox böyük çətinliklərdən sonra uca Allahın köməyi ilə xeyir qalib gəlir.

El-Cinonun Allaha, dinə aid səsləndirdiyi dərviş mahnıları da çox maraqla qarşılandı. Zalda tamaşaçıların alqışları ilə müşayiət olunan bu ifa tamaşaya ayrı bir özəllik qatdı.

Güclü aktyor oyunu, səhnə plastikası

“999-cu gecə” nağıl-tamaşasında baş rol – Marufun ifaçısı Nicat Əli diqqətimi çox cəlb etdi. Akrobatik elementlətlə dolu rəqslər ifa edən aktyor həm də “Dağlar qızı Reyhan” mahnısını da gözəl şəkildə təqdim edir. Bu gənc aktyordakı məharət, səhnə plastikası, diksiyası, səsi, jestikulyasiyası çox möhtəşəm idi. Ürəklə, yanğıyla, səmimiyyətlə, istedadla rolunu yaradan aktyora yalnız “əhsən!” düşür. Hərdən belə xüsusi istedadlı gənclərin olmasına adam inanmır, amma Allaha şükür edirsən ki, ilahi, nə yaxşı belə istedad sahibəri var.

Onu da qeyd edim ki, tamaşanın sonunda Marufun Allaha əl açıb ürəkdən, yanğıyla istəyini bildirməsi məni göz yaşlarına boğdu.

“999-cu gecə” tamaşası

Digər aktyorlardan ilan kimi “fısıldayaraq” danışan zər-zibalı ilan geyimli aktyor Hüseyn Əlilinin yaratdığı obrazı qiymətləndirməmək günah olar. İstedadlı aktyor maraqlı jestikulyasiyalarla yadda qalır. Gah ilan kimi fısıldayır, gah da zəhərini tökür, ara qarışdırır, mənfi rolu çox maraqla təqdim edir. Aktyorun səsi mənə eyni ilə mərhum aktyorumuz Ağaxan Salmanlını xatırlatdı. Hətta bir ara səsin Ağaxan Salmanlının səsi olduğunu belə düşündüm.

“999-cu gecə” tamaşası

Əyanlardan eşikağası rolunu oynayan və güclü səs sahibi olan aktyor Əliməmməd Novruzovun Reyhanı səsləyən zil səsi isə hələ də qulaqlarımda cingildəyir.

Tamaşada qəfəsdəki Tutu (tutuquşu) cürbəcür vəziyyətlərlə qarşılaşır. Gah gülməli vəziyyətlərə düşür, gah xəzinə boşalanda şahdan küsüb çıxıb gedir, gah da ilanla dalaşır. Bu maraqlı obrazı tamaşanın rejissoru Elməddin Dadaşov oynayır.

Bu nağıl-tamaşada təbəqələşmiş cəmiyyət, kasıbların və varlıların həyat tərzi çox gözəl təqdim edilir.

Tamaşada musiqini dirijorun ifası ilə canlı orkestr, bəkvokallar və solistlər ifa edir. Obrazlardan Fatma, Maruf, Reyhan canlı opera ifa edirdilər. Həmçinin, tamaşa boyu rəqqasə qızlar və milli geyimli rəqqaslar bir-birindən maraqlı ifalar göstərirlər.

Tamaşanın Musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və onun digər əbədiyaşar əsərlərindən istifadə olunub.

Nağıl-tamaşaya zövq ala-ala baxdıq. Bir tamaşanın bu cür keyfiyyətli ərsəyə gəlməsi üçün aktyorların günlərlə necə gərgin məşq etdiklərini, hansı əsəb və çətinliklərlə qarşılaşdığını bilən biri kimi zəhmətə qiymət olaraq təşəkkürümü bu yazıda bildririrəm.

“999-cu gecə” tamaşası

Gərgin iş gününün sonunda beynimizi dincəldən bu əyləncəli və baxımlı nağıl-tamaşaya dəvət etdiyinə görə Akademik Dövlət Müsiqli Teatrın Mətbuat Xidmətinin rəhbəri Fəridə Aslanovaya təşəkkür edirik.

Onu da qeyd edim ki, “999-cu gecə” tamaşasının premyerası 2016-cı il mayın 25-də olub.

Mission News Theme by Compete Themes.