Son yeniləmə: 19 Yanvar 2022 15:34
Bayraqdar.info – AMEA-nın Mərkəzi Elmi Kitabxanası qan yaddaşımıza əbədi həkk olmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar virtual sərgi hazırlayıb.
Bu barədə bayraqdar.info-ya Kitabxanadan məlumat verilib. Bildirilib ki, virtual sərgidə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan, rus və digər dillərdə məlumatlar, kitablar, qəzet və jurnal məqalələri nümayiş etdirilir.
“Burada Aydın Balayev və Rasim Mirzənin “20 Yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər”, İsmayıl Vəliyevin “Qara gündəlik”, Ülvi Bünyadzadənin “Bir ölümün acığına”, Qulu Kəngərlinin “Qara yanvar şəhidləri” və “Erməni lobbisi… Azərbaycan faciəsi”, Abdulla Qurbaninin “Şəhidlər dastanı”, Əsgər Abdullayevin “Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən”, Aydın Rüstəmovun “Erməni təcavüzünün xronikası” kitabları və digər nəşrlər sərgilənir.
“Kitablarda 1988-1990-cı illərdə Azərbaycanda gedən və son nəticədə 20 Yanvar hadisələrinə gətirib çıxaran proseslər təhlil olunub. Həmçinin 1990-cı ilin Qanlı Yanvarından başlayaraq son vaxtlara qədər xalqın azadlığı, Vətənin müstəqilliyi, torpaqların erməni işğalçılarından azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlər barədə yazılmış oçerklər yer alıb”, – deyə məlumatda vurğulanır.