Son yeniləmə: 19 Yanvar 2022 13:06
Mənsurə Səttarova Evirgen: Apreldə həm evliliyimin, həm də Kıbrısda yaşamımın 15-cı ili tamam olur
Bayraqdar.info – Onunla ilk dəfə illər öncə “Bu gün” qəzetində tanış olmuşduq. Daha sonra “Xəzər” qəzetində də həmkar kimi çalışdıq. Özünəməxsus yazı tərzi ilə seçilən bu xanımın bəlli bir oxucu auditoriyası vardı. Əslində, “hər müəllifin özünün müəyyən oxucu bazası olmalıdır” fikrini ilk dəfə məhz “Bu gün” qəzetinin baş redaktoru Nəsib İsmayılovdan eşitmişdik. Nəsib bəy bunu bizə tez-tez xatırladır və əlavə edirdi ki, gözəl qələmi olan jurnalist yaxşı oynayan futbolçu kimidir. Özünə nə qədər çox tərəfdaş (oxucu) toplasa ona digər yerlərdən daha çox təklif gələcək. O da bu çağırışa ilk ayaq uyduranlardan idi. Yəni özünəməxsus yazıları ilə, sırf onun yazdıqları üçün işlədiyi qəzeti alan oxucu auditoriyası formalaşdıra bilmişdi.
Söhbət hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətində yaşayan Mənsurə Səttarova Evirgendən gedir. Bəs, görəsən uzun illər qələmdən ayrı düşən keçmiş həmkarımız yenidən yazmaq istəyirmi? Bayraqdar.info üçün ondan aldığımız özəl müsahibədə bu suala da cavab tapdıq. Həmin cavabı sonda təqdim edəcəyik.
Artıq 15 ildir ki, Kıbrısdayam
Hələlik isə qeyd edək ki, 15 ildir KKTC-də yaşayan Mənsurə xanım 2007-ci ildə bu ölkənin vətəndaşı Osman Evirgenlə ailə qurub. 13 və 11 yaşlarında iki qızı var: “2007-ci ildən bəri Kuzey Kıbrıs Türk Cümhuriyyətində yaşayıram. Həmin il KKTC vətəndaşı Osman Evirgenlə ailə qurmuşam. Apreldə həm evliliyimin, həm də Kıbrısda yaşamımın 15-ci ili tamam olur. 13 və 11 yaşlarında iki qızım var. Həyat yoldaşım dövlət dairəsində çalışır. Mən isə işləmədim. Burada öncüllüyü ailəmə, qızlarıma, onların yaxşı təhsil almasına verdim. Öncə qızlarımın sağlam böyüməsi üçün çalışdım. Sonra onların təhsili ilə məşğul olmağı hədəflədim və hesab edirəm ki, bunda başarılı oldum”.
Mənsurə xanım qeyd etdi ki, böyük qızı Nermin 8-ci, kiçik qızı Nehir 6-cı sinifdə təhsil alır: “Hər ikisi də KKTC-nin ən seçkin dövlət məktəblərindən olan Türk Maarif Kollecində ingilis dilində təhsil alırlar”.
“Memleket Hasreti’’ mahnısını ilk dəfə eşidəndə qeyri-ixtiyarı ağlamışdım
Müsahibimiz bildirdi ki, qardaş ölkə olsa da Kıbrısa isinişməyi bir az zaman alıb: “Kıbrıs kiçik və sakit bir yerdir. Dilimiz, dinimiz, mətbəximiz, hətta mədəniyyətimiz bir olsa da ilk vaxtlar Azərbaycan, ailəm, dost-əqrəba, hətta Bakının səs-küylü günləri üçün çox darıxırdım. “Memleket Hasreti’’ mahnısını ilk dəfə eşidəndə qeyri-ixtiyarı ağlamışdım. Günü bu gün də bu mahnı məndə kövrək duyğular oyandırır. Ağlamamaq üçün nəsə zarafatla bir söz deyib diqqətimi yayındırmağa çalışıram”.
Kıbrısda “Dəşti” təsnifini dinləyəndə dünyalar mənim oldu
KKTC-də yaşayan və işləyən digər soydaşlarımızla əlaqələr, Azərbaycanla bağlı tədbirlərdə iştiraka dair sualımıza cavabında isə müsahibimiz öncə onu dedi ki, Kıbrıs insanı çox istiqanlıdır: “Azərbaycanlıları da cox sevirlər. Sizə maraqlı bir əhvalat danışım. Deməli, bir dəfə konsertə getmişdik. Birdən tamaşaçılar bir ağızdan “Şiire, Gazele”’ deyərək, müğənnidən bu mahnını oxumasını istədilər. Mahnı oxundu. İnanırsınız, Faiq Ağayevin ifasında sevə-sevə dinlədiyim, sözləri Əliağa Vahidə, musiqisi Əlibaba Məmmədova aid “Dəşti” təsnifini esidində dunyalar mənim oldu. Çevrəmdəki hər kəsə durmadan “bu bizim mahnıdır, Azərbaycan mahnısıdır’’ deyirdim”.
O ki qaldı azərbaycanlılarla əlaqələrə, müsahibimiz “Kıbrısda qulağım hər zaman fərqli dillər arasında Azərbaycanca səslər axtarır. Evimdə də hər zaman həmyerlilərimi qonaq etməkdən xoşbəxtlik duymuşam. Burada tanış olub dostluq qurduğum insanlar mənim üçün çox dəyərlidirlər”, – dedi.
Onun sözlərinə görə, KKTC-də azərbaycanlıların təşkilatlanması da ürəkaçıcı səviyyədədir: “Kuzey Kıbrısda fəaliyyət göstərən Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti ötən illərdə bir sıra uğurlu işlərə imza atıb. Cəmiyyətin Azərbaycan mədənyyəti və ədəbiyyatının tanınması, eyni zamanda İkinci Qarabağ savaşı dönəmində həyata keçirdiyi fəaliyyət və təbligatlar olduqca təqdırəlayiqdir. Amma yenə də Kıbrısda belə bir Cəmiyyətin varlığından xəbərsiz olan soydaşlarımız var. Bunun da günahını mən özümüzdə, yəni KKTC-dəki azərbaycanlılarda görürəm. Çünki bizlər digər soydaşlarımıza da bu Cəmiyyət haqqında ətraflı məlumat verməli, Azərbaycanla bağlı işlərdə onların da fəallıq göstərməsinə çalışmalıyıq”.
Nermin də, Nehir də Kıbrısda bir Azərbaycan sevdalısı olaraq böyüməkdədirlər
“Nermin də, Nehir də Kıbrısda bir Azərbaycan sevdalısı olaraq böyüməkdədirlər”. Bunu isə müsahibimiz övladlarının Ana vətənlərinə bağlılığına dair sualı cavablandırarkən dedi. Onun sözlərinə görə, qızları Azərbaycanla bağlı hər şeyi sevir: “Mətbəximizin dadlı yeməklərinə bayılırlar. Ümumiyyətlə evdə davamlı olaraq Azərbaycan yeməkləri bişirirəm. Sirkəli, sarımsaqlı düşbərə ən sevdikləri yeməkdir. Novruz bayramının gəlişini də səbirsizliklə gözləyirlər. Paxlava, şəkərbura, qoğal bişirir, kiçik də olsa tonqal qalayıb üstündən atlayırıq. Nehir üçün isə papaqatma dadına doymadığı bir Novruz adətidir. Gün içində dəfələrlə qapıya papaq atmaqdan yorulmur”.
O da vurğulandı ki, əgər istəyərlərsə qızlar Azərbaycanda ali təhsil ala bilərlər: “Əgər onlar bunu istəyərlərsə nədən olmasın? Azərbaycan onların da məmləkəti sayılır”.
İçimdə bir yazmaq istəyi var
Nəhayət gəlirik sonuncu “uzun illər qələmdən ayrı düşmüsünüz. Bu illər ərzində heç yazmaq istəmisinizmi və imkan yaradılarsa yazmaq istəyərsinizmi” sualına. Cavab isə heç də gözlənilməz olmur: “İçimdə bir yazmaq istəyi var. Bəzən dəli bir istək doldurur içimi, işimi-gücümü buraxıb içimdəkiləri kağıza tökür, bir müddət rahatlamış oluram. Boşluğu doldurmaq üçün imkan daxilində Azərbaycandakı məsləkdaşlarımın yazılarını təqib etməyə çalışıram. Bu yazılarda özümü görürəm bəzən. Haradasa məqalələrlə, yazılarla çıxış etməyə gəlincə, nə bilim, bəlkə bu da mümkün ola bilər gələcəkdə”.