Press "Enter" to skip to content

İllik proqnoz 147,4 faiz yerinə yetirilib

Son yeniləmə: 19 Yanvar 2022 18:07

Bayraqdar.info – Digər sahələrdə olduğu kimi, dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində bu sahədə yüksək nəticələr əldə edilib.

Bu barədə bayraqdar.info-ya yanvarın 19-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bəhs edilən dövrdə icarə müqaviləsinin sayında artım qeydə alınıb: “Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, 2021-ci il ərzində ümumilikdə 1 min 845 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 841-i qeyri-yaşayış sahələri üzrə, 1004-ü isə torpaq sahələrinə dair olub. Bununla yanaşı, 2021-ci ildə 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1 min 430 və ya 4,4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub”.

Eyni zamanda icarədən daxilolmalar da artıb: “Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16,2 milyon manatdan artıq vəsait ödənilib və illik proqnoz 147,4 faiz yerinə yetirilib. Qeyd edək ki, 2019-cu illə müqayisədə 2021-ci ildə icarədən dövlət büdcəsinə 4,8 milyon manat və ya 41,7 faiz, 2020-ci illə müqayisədə isə 5,9 milyon manat və ya 57,4 faiz çox vəsait ödənilib”.

O da vurğulanıb ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən il 22 təşkilat qeyri-yaşayış sahəsi ilə təmin olunub. Bu təşkilatlara təqdim edilən qeyri-yaşayış sahəsi 29 015 kvadratmetrdir.

Mission News Theme by Compete Themes.