Son yeniləmə: 19 Yanvar 2022 13:58
Bayarqdar.info – Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır.
Bu barədə bayraqdar.info-ya yanvarın 19-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
17 yanvar tarixində təşkil olunmuş növbəti hərracda Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 5, 10.5, 5 və 8 hektar sahəsi istifadəyə verilib: “Qeyd edək ki, “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” qum-çınqıl yataqlarının LOT-1 üzrə, eləcə də, “Xırxatala” qum-çınqıl yatağının LOT-4 üzrə qalibi “Körpü-Bina-Tikinti” MMC olub. “Dəmiraparançay”ın LOT-2 və “Xırxatala”nın LOT-1 üzrə qalibi “SAND AZ” MMC-dir. “Dəmiraparançay”ın LOT-3 üzrə qalibi isə fiziki şəxs Qəribov Rauf Mübariz oğlu olub”.
O da vurğulanıb ki, yer təkinin istifadəsi ilə bağlı 2021-ci ildən keçirilməyə başlayan hərraclarda 33 faydalı qazıntı yatağı istismara verilib.