Son yeniləmə: 19 Yanvar 2022 10:14
Bayraqdar.info – Başlanğıcını Suqovuşan su anbarından götürən kanala beton üzlük çəkilib.
Bu barədə bayraqdar.info-ya yanvarın 19-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Goranboy rayonunda uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Xanarx kanalında beton işləri görülüb: “Aparılan tədbirlər zamanı rayon üçün suvarmada xüsusi rolu olan kanalın sağ və sol sahilinə beton üzlük çəkilib. 30 il istifadəsiz qalan kanal uzun illərdən sonra Suqovuşandan gələn suyuna qovuşub. Artıq bu kanal vasitəsilə 6 min 300 hektar əkin sahəsi asanlıqla suvarıla biləcək”.
Qeyd edilib ki, İdarə tərəfindən Yevlax rayonunda da su itkisinin qarşısının alınması və suyun fermerlərə itkisiz olaraq çatdırılması məqsədilə torpaq məcralı kanal beton üzlüyə alınıb: “Yevlax rayonunun iki kəndi ərazisində mövcud olan əkin sahələrini suvarma suyu ilə təmin edən Qum kanalı bu vaxta qədər torpaq məcralı olub. Kanalın beton üzlüyə alınması ilə su itkisi minimuma endirilib. Növbəti suvarma mövsümündə su istifadəçiləri sudan daha asan istifadə edə biləcəklər”.
“Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Yevlax və Goranboy rayonları ilə yanaşı ötən il İsmayıllı rayonunda Aşıqbayramlı Su Anbarının təmir-tikintisini, Şamaxı rayonunda torpaq məcralı kanalın beton üzlüyə alınmasını, Ağdaş rayonu ərazisində torpaq məcralı kanalın lildən təmizləməsini və Göyçay rayonunun eyniadlı çayında çayın məcrasının genişlənərək ətraf ərazilərə ziyan vurmaması üçün sahil bərkitmə və bənd işləri həyata keçirilib”, – deyə məlumatda daha sonra vurğulanıb.