Press "Enter" to skip to content

Qazaxıstan olaylarından jurnalistlər də nəsibini alıb

Diana Okremova

Son yeniləmə: 18 Yanvar 2022 09:52

Bayraqdar.info – Qardaş Qazaxıstandakı məlum qarışıqlıq jurnalistlərdən və mediadan da yan keçməyib.

Paytaxt Nur-Sultanda yerləşən Media Hüquq Mərkəzindən bayraqdar.info-ya verilən xəbərə görə, yanvarın 2-dən başlayaraq bu ölkədə media işçilərinin öldürülməsi də daxil xoş olmayan olaylar yaşanıb.

Mərkəzin təqdim etdiyi rəqəmlərə görə, hadisələr vaxtı bir nəfər media işçisi öldürülüb. Daha 6 media təmsilçisi müxtəlif yara və zədə alıb. 10 nəfər jurnalist hücuma məruz qalıb, 5 redaksiya binası da kütləvi hücumdan zərər çəkib. Jurnalistlərin işini icra etməsinin əngəllənməsi ilə bağlı 4 fakt qeydə alınıb.

Qurumun məlumatında o da qeyd edilir ki, hadisələr zamanı 11 jurnalist saxlanılıb. Bir jurnalistə isə təhdidlər daxil olub. 4 jurnalist inzibati həbsə məhkum edilib, 6 halda axtarış və sorğu-sual qeydə alınıb.

Mərkəz onu da qeyd edir ki, bu rəqəmlər tam olmayan mənzərəni əhatə edir.

Bundan sonra olacaqlarla bağlı

Məsələni bayraqdar.info üçün şərh edən Media Hüquq Mərkəzinin direktoru Diana Okremova bildirib ki, hadisələr baş verən günlərdə jurnaslitlər bir çox insanlar kimi gərginlik altında işləməli olublar. O, əlavə edib ki, media təmsilçiləri də ilk günlərdə nə baş verdiyini doğru-düzgün müəyyənləşdirməkdə çətinlik çəkiblər.

“Jurnalistlər mitinqlər zamanı qanunun tələblərinə uyğun olaraq özlərini fərqləndirən geyimdə olublar. Onlar özlərinin təhlükəsizliyini təmin etmək üçün gərəkli tanınma-fərqlənmə nişanlarından istifadə ediblər. Lakin təəssüf ki, bu, onları xilas edə bilməyib. Nəticədə bir sıra jurnalistlər zərər çəkib, yaralanıb”, – deyə D.Okremova bildirib.

Mərkəzin direktoru daha sonra əlavə edib ki, “ölkə Prezidentinin müstəqil media ilə bağlı dediyi sözlər də əlavə narahatlıq yaradıb. O, deyib ki, müstəqil media belə bir durumun yaranmasında günahkardır. Onlar təxribata, belə zorakı hallara çağırışlar ediblər. Belə yanaşma bizdə ciddi narahatlıq yaradır. Çünki biz hesab edirik ki, müstəqil media obyektiv informasiyanın əsas mənbəyidir, onlar öz ölkələrində düşmən sayıla bilməzlər”.

D.Okremova bildirib ki, “hazırda hadisələrin iki mümkün inkişaf istiqamətindən danışa bilərik. Bizdə siyasi kursun dəyişməsi ilə bərabər yəqin ki, demokratikləşmə istiqaməti götürüləcək”.

İstiqamətlərlə bağlı proqnozlara gəlincə, direktor qeyd edib: “Birinci istiqamət nikbindir. Yəni jurnalistlərə sərbəstlik veriləcək. Onları təqib etməyəcəklər. Yeri gəlmişkən, dünən və bu gün 2 jurnalisti həbsdən buraxıblar. İkinci istiqamət isə bədbindir. Əgər Prezident doğrudan da hesab edirsə ki, baş verənlərdə müstəqil media günahkardır və onlar bu hadisələrin səbəbkarıdır, onda onlara qarşı təqiblər başlayacaq”.

Özünün də nikbinliyə meylləndiyini deyən D.Okremova bildirib: “Mən istənilən halda nikbin proqnoza inanmaq istərdim. Çünki baş verən hadisələrdən sonra Prezidentin davranışları ümid verir ki, biz doğru olan yolu seçəcəyik və demokratik islahatlara nail olacağıq”.

Mission News Theme by Compete Themes.