Son yeniləmə: 18 Yanvar 2022 15:48
Bayraqdar.info – Belqrad şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizamini oxuyaq” kitab-albomun təqdimat mərasimi keçirilib.
Bu barədə bayraqdar.info-ya yanvarın 18-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın bu ölkədəki səfirliyinin və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə baş tutub.
Belqrad şəhər meriyasının əsas zalında baş tutanmərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Mispah Demircan, Serbiyanın mədəniyyət və informasiya nazirinin müavini Stanko Blaqoyeviç və başqaları çıxış ediblər.
Bildirilib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin qeyd olunması və təbliğində yaxından iştirak edən TÜRKSOY-un dəstəyilə“Nizamini oxuyaq” kitab-albomu ingilis dilində çapdan çıxıb: “Nizami Gəncəvinin fenomen olaraq təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası və Yaxın Şərq çoğrafiyası üçün örnək olduğu, XVIII əsrin Avropa filosoflarının onun fəlsəfi, humanizm ideyalarını, eləcə də ədalətli cəmiyyət barədə düşüncələrini təbliğ etdikləri bildirilib. Məşhur mütəfəkkirlərinonun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri yaratdıqları, qüdrətli söz ustadının əsərlərinin əlyazmalarının dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanıldığı nəzərə çatdırılıb”.
Mərasim dahi şairin sözlərinə yazılmış romanslardan ibarət konsert proqramının təqdim olunması ilə yekunlaşıb.
Tədbir çərçivəsində Nizami Gəncəviyə həsr edilən sərgi nümayiş etdirilib.