Press "Enter" to skip to content

Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəşti

Son yeniləmə: 18 Yanvar 2022 19:35

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim etməkdə davam edir.

Dövlət Vergi Xidmətindən bayraqdar.info-ya yanvarın 18-də verilən məlumata əsasən qanunvericiliyə edilmiş növbəti dəyişikliklərdən biri də mikro sahibkarlıq subyekti olan vergiödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilməsi ilə bağlıdır: “Məlum olduğu kimi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır. “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergiödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan, şəffaf şəkildə fəaliyyət göstərən vergiödəyicilərinə şamil edilməsi nəzərdə tutulur. Belə ki, vergiödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergiödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir”.

Məlumatda daha sonra vurğulanlr: “Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergiödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergiödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır. Bu səbəbdən həmin dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Mission News Theme by Compete Themes.