Press "Enter" to skip to content

Emin Həsənli: Qanunverici və məhkəmə hakimiyyətinə də ictimai nəzarətin olması vacibdir

Emin Həsənli

Son yeniləmə: 18 Yanvar 2022 14:47

Bayraqdar.info – “Məlum olduğu kimi Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Çox geniş və əhatəli bu müsahibədə dövlət başçısı eyni zamanda ictimai nəzarətlə bağlı fikirlərini bəyan etdi. Cənab Prezidentin müsahibəsində verdiyi tövsiyələr, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlər vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyur”.

Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, təbii ki, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində əsas vəzifə QHT-lərin üzərinə düşür: “QHT-lər yeni dönəmdə bu vəzifənin öhdəsindən gəlmək üçün hazırdırlar. Bilindiyi kimi yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirildi. ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak etdilər. Orada məsələ ilə bağlı çıxışlar oldu və maraqlı təkliflər səsləndi. Hesab edirəm ki, həmin təkliflərin reallaşması istiqamətində də tezliklə addımlar atılacaq”.

E.Həsənli bildirb ki, QHT rəhbəri olaraq o da həm qanunvericilik bazasının təkmilləşməsi, həm də bu istiqamətdə sistemli və məqsədyönlü işlərin aparılmasına tərəfdardır: “Eyni zamanda biz də bu qənaətdəyik ki, tək icra hakimiyyətinə yox, qanunverici və məhkəmə hakimiyyətinə də ictimai nəzarətin olması vacibdir. Eyni zamanda QHT-lərin və medianın yeni qanunlar hazırlanarkən müzakirələrə geniş şəkildə cəlb edilməsi, məhkəmə proseslərində vətəndaş cəmiyyətinin yaxından iştirakı vacibdir. Ümumiyyətlə bu prosesdə uğur qazanmaq istəyiriksə ixtisaslaşmış QHT-lərin daha aktiv fəaliyyətinə nail olmalıyıq”.

QHT sədri həmçinin çıxışlarda da səsləndirildiyi kimi Prezidentin yanında İctimai Palatanın yaradılması təklifini dəstəklədiklərini deyib.

Mission News Theme by Compete Themes.