Son yeniləmə: 18 Yanvar 2022 01:58
Bayraqdar.info – Azərbaycanın Monteneqro ilə münasibətlərin inkişafına əhəmiyyət verir. Bunu xarici işlər naziri Ceyhun Bayramov yanvarın 17-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, görüşdə C.Bayramov iki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olmasından və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə edib. Nazir parlamentin sədrinin hazırkı səfəri çərçivədə keçirilmiş görüş və müzakirələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.
Monteneqro parlamentin sədri A. Beçiç səmimi salamlamaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Səfəri çərçivəsində Azərbaycan Prezidenti, Milli Məclisin sədri, habelə Baş nazir ilə keçirilmiş görüşlərə məmnunluqla istinad edib. Münasibətlərin inkişafında hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyəti xüsusilə vurğulanıb. A. Beçiç Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində ölkəsinə göstərdiyi humanitar yardımı minnətdarlıqla qeyd edib.
Bildirilib ki, tərəflər iki ölkə arasında iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, o cümlədən turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkənin siyasi sahədə, eləcə də konsulluq sahəsində məsləhətləşmələri davam etdirməsinin vacibliyi qeyd olunub. Habelə, iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi baxımından hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.
Nazir C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də 30 ilə yaxın davam edən işğala son verən 44 günlük müharibənin nəticələri, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, çoxsaylı məcburi köçkünlərin mümkün qədər qısa zamanda şərəfli və təhlükəsiz geri dönüşünü təmin etmək üçün hökumət tərəfindən görülən təxirəsalınmaz tədbirlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində fəaliyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı atılan addımlar barədə məlumat verib.
A.Beçiç dost Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü Monteneqronun hər zaman dəstəklədiyini qeyd edib. O, ölkəsinin sülh və dialoqun gələcəyinə inandığını vurğulayıb, bu xüsusda bölgədə sülh quruculuğu fəaliyyətində Azərbaycana uğurlar arzulayıb.
Monteneqro Parlamentinin sədri Azərbaycan xarici işlər nazirini ölkəsinə səfərə dəvət edib.
Nazir C.Bayramov dəvətə görə təşəkkürünü bildirib, Azərbaycanın ikitərəfli əlaqələrin daha da inkişafına hazır və sadiq olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.