Son yeniləmə: 18 Yanvar 2022 12:05
Bayraqdar.info – Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları açılır.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti azad edilmiş ərazilərə marşrut xətlərinin açılması ilə bağlı yanvarın 18-də brifinq keçirib. Brifinqdə bildirilib ki, nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Füzuli Aeroportu-Şuşa, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdə istiqamətindədir.
“Marşrut xətlərində biletlərin qiymətləri belə olacaq:
“Bakı-Şuşa-Bakı biletinin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) 7 manat, Bərdə-Ağdam-Bərdə (express) 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin qiyməti isə 6 manat təşkil edəcək.
“Tək istiqamətli biletlərin qiymətləri: Bakı-Şuşa – 7 manat, Bakı-Ağdam – 5 manat, Əhmədbəyli-Şuşa – 6 manat olacaq.
“Vətəndaşlar biletləri Yolumuz Qarabağa onlayn portalı vasitəsilə əldə edə bilərlər. Gediş-dönüş biletləri əvvəlcədən alınmalıdır”, – deyə brifinqdə bildirilib.
Qeyd edilir ki, Əhmədbəyli-Şuşa marşrutu üzrə hərəkət həftədə 4 dəfə, digər marşrutlar üzrə isə həftədə iki dəfə həyata keçiriləcək. Hər bir şəxs ilboyu bir dəfə işğaldan azad edilən ərazilərə səfər edə bilər.
Müəyyən imtiyazlı şəxslər – şəhid ailələrinin üzvləri və qazilər o ərazilərə pulsuz gedə biləcəklər. Həmin şəxslər də bu imkandan ilboyu yalnız bir dəfə istifadə edə bilər.
Brifinqdə o da bildirilib ki, bütün avtobuslar bir dəfə sınaqdan keçirilib. ANAMA-nın əməkdaşları avtobus sürücülərinə xüsusi təlimlər keçiblər. Artıq onlar tam hazırdır. Avtobusların daxilində ziyarətçilər üçün videoçarxlar da nümayiş ediləcək ki, müəyyən marşrut xətlərindən kənara çıxılmasın. Çünki ərazi təhlükəlidir. Həmçinin, avtobusları polis müşayiət edəcək.