Son yeniləmə: 18 Yanvar 2022 19:06
Bayraqdar.info – Yanvarın 18-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq qida və içki sərgisi öz işinə başlayıb. Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunur.
KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə stenddə quru meyvələr, təbii sıxım yağlar, konservləşdirilmiş məhsullar, meyvə şirələri, kofe və çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış müxtəlif məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları təqdim edilir. Ümumilikdə Azərbaycanı sərgidə 15 mikro və kiçik sahibkar təmsil edir.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparacaqlar.
Qeyd edək ki, sərgidə Türkiyənin 81 regionundan və 50-ə yaxın xarici ölkədən 450-dən çox sahibkar məhsul və xidmətlərini təqdim edir. Sərgi yanvarın 21-dək davam edəcək.