Press "Enter" to skip to content

“Omicron”dan qorunmaq üçün vaksin olunmaq vacibdir

Təyyar Eyvazov

Son yeniləmə: 17 Yanvar 2022 15:21

Bayraqdar.info – Koronavirus pandemiyasının “omicron” ştamı meydana çıxdıqdan sonra bu infeksiyaya yoluxanların sayında bütün dünya üzrə ciddi artım müşahidə edilir. Açıqlanan son məlumatlardan belə bəlli olur ki, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib. Hazırda dünyada 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Son yoluxmalarda “Omicron” ştamı dominantlıq təşkil edir. Yoluxma sayına görə dünya ölkələrinin siyahısına ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya başçılıq edir.

Azərbaycanda da bu ştama yoluxma var. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkədə 12 nəfərdə “omicron” aşkar edilib.

Bayraqdar.info-nun bu yeni ştamın əlamətləri, karantin müddəti və s. kimi suallarını Səhiyyə Nazirliyinin baş infeksionisti, sahə üzrə ekspert Təyyar Eyvazov cavablandırıb:

-Təyyar müəllim, “Omicron” ştamı necə aşkarlanır və spesifik simptomları hansılardır?

-Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri – ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “omicron” və “delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil.

“Omicron” ştamı COVID-19-un bir variantı olduğu üçün ənənəvi PCR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun “omicron” ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.

-“Omicron” digər mutasiyalardan nə ilə fərqlənir?

-Koronavirus infeksiyasının “omicron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, artıq bir sıra ölkələrdə “omicron”un “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir, proses əsasən yuxarı tənəffüs yollarında baş verir.

-Yeni ştamla yoluxanlar üçün karantin müddəti nə qədərdir?

-“Omicron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb. Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omicron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olan şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur).

-Təyyar müəllim, özümüzü və yaxınlarımızı COVID-19-un yeni mutasiyasından necə qoruyaq?

-Yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir.

Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək. Hər bir şəxs məsuliyyətli olmalıdır. Bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcrid etməli, təmasları azaltmalı, o cümlədən ailə üzvləri ilə. Yoluxan şəxsin özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalıdırlar. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdırlar. Eyni zamanda vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdırlar.

Mission News Theme by Compete Themes.