Press "Enter" to skip to content

Güney Azərbaycanda siyasi məhbusa azadlıq tələbi

Əkbər Nəimi posterləri

Bayraqdar.info – Güney Azərbaycanın Xoy şəhərində divarlara Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əkbər Nəimiyə azadlıq tələbi ilə posterlər yapışdırılıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, azərbaycanlı milli fəallar Əkbər Nəiminin şəkli əks olunan və ona azadlıq tələbini bildirən şüarlar yazılmış posterləri Xoy şəhərinin divarlarına vurublar.

Posterlərin üzərində “Biz vətən uğrunda çalışanlarımızı unutmayacağıq” və “Mühəndis Əkbər Nəimini azad edin” şüarları yazılıb. Posterlərdə habelə Əkbər Nəiminin “Millətimizin içində olub, yanında durub sədaqətlə gələcəyə addımlamalıyıq” sözü əks etdirilib.

Qeyd edək ki, fars rejimi Azərbaycan uğrunda fəaliyyətinə görə peşman olmadığını bildirən Əkbər Nəimini ağır həbs cəzasına məhkum edib.

Milli fəal ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığı və peşman olduğu barədə ərizə yazmadığı üçün ağır həbs cəzasından əlavə, başqa təzyiqlərə də məruz qalır. Artıq azərbaycanlı siyasi məhbus telefon danışığı hüququndan da məhrum edilib.

Əkbər Nəimi şərlənərək “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İran hökuməti Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə ümumilikdə 9 il 8 aylıq həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o, Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Milli fəala həm də 2 il müddətinə ölkəni tərk etmək, siyasi partiyalara və ictimai qruplara üzv olmaq qadağan edilib.

Xatırladaq ki, Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə ETTELAAT tərəfindən həbs edilərək Tehranın Evin zindanına aparılmışdı.

Mission News Theme by Compete Themes.