Son yeniləmə: 17 Yanvar 2022 13:11
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, yanvarın 2-dən başlayaraq qardaş Qazaxıstanda əvvəlcə adi sosial tələblərlə başlayan etirazlar sonradan iğtişaşlara çevrildi. Bunun ardından ölkə qısa müddətli də olsa xaos yaşadı. Nəticədə yüzlərlə insan öldürüldü, minlərlə insan yaralandı. Ölkəyə yüz milyonlarla dollarlıq maddi ziyan dəydi. Durum belə olunca Prezident Qasım-Jomart Toqayev xaricdən dəstək dəvət etmək qərarına gəldi.
Bu qərar yalnız Qazaxıstan üçün deyil, ümumilikdə Orta Asiya üçün əlavə sualların yaranmasına səbəb oldu. Özəlliklə də 100 nəfər erməni hərbçisinin Qazaxıstana yeridilməsi, əlbəttə, xoş qarşılanmadı. Bir çox ekspertlər bu hadisəni hələ yüz il öncə də ermənilərin Orta Asiyada türklərə qarşı törətdiyi soyqırımları xatırlatdığını dilə gətirdi. Eyni zamanda, 1933-cü ildən Qazaxıstana başçılıq etmiş və minlərlə qazax ziyalısını, millətin qaymaqlarını güllələtdirmiş, sürgünə göndərmiş Levon Mirzoyanın əməlləri yenidən xatırladıldı.
Məsələylə bağlı bayraqdar.info qardaş Özbəkistandan olan jurnalist-yazar Rustam İqbola müraciət edib. O, verdiyi açıqlamada qonşu və qardaş ölkəyə ümumiyyətlə xarici qoşunların dəvət edilməsinin yaxşı hal olmadığını bildirib.
“Əlbəttə ki, Qazaxıstanda olan bu hadisələr çox sarsıdıcı idi. Bu olaylar zamanı dövlət təmsilçilərinin, həmçinin də dinc sakinlərin qətlə yetirilməsi dəhşətli hadisələr idi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qoşunlarının Qazaxıstana yeridilməsilə bağlı da çoxlu fikirlər var. Etiraf etmək lazımdır ki, bəlkə də bu qoşunların ora yeridilməsi bir tərəfdən vəziyyətin normallaşmasına səbəb oldu”, – deyə R.İqbol bildirib.
Qazaxıstana xaricdən hücum olmamışdı
Müsahibimiz daha sonra qeyd edib: “Lakin Ermənistanın, Tacikistanın, Qırğızıstanın, Belarusun və Rusiyanın hərbi hissələrinin ora daxil olmasını mən qəbul edə bilmirəm. Çünki KTMT yalnız üzv ölkəyə xaricdən təcavüz olanda daxil ola bilərdi. Lakin burada xaricdən hər hansı hücum olmamışdı. Yəni ölkənin iç məsələləri ilə bağlı bir durum vardı”.
“Əlbəttə, xarici ölkə hərbçilərinin orada dinc əhaliyə qarşı qoyulması bağışlanması müşkül olan bir məsələdir. Amma bir təsəllimiz var ki, indi artıq Qazaxıstanda sakitlik yaranıb, vəziyyət normallaşır. Belə hadisələrin nə Qazaxıstan, nə də başqa bir ölkədə təkrar olunmamasını arzu edərdim. Hətta tək bir günahsız insanın belə qanının tökülməsi də bağışlanmaz hadisədir”, – deyə R.İqbol əlavə edib.
R.İqbol sonda əlavə edib ki, “ermənilərin belə bir yolla yenidən türk torpaqlarına daxil olması mənə pis təsir etdi. 1918-ci ildə də bolşeviklər Türkistan Muxtariyyətini məhv etmək üçün erməni daşnaklarından istifadə etmişdi. Həmin daşnaklar türk millətinə nifrətdən dolayı çox böyük vəhşiliklər törətmişdi. İndi erməni əsgərlərinin Qazaxıstanda nələr etdiyini bilmirəm. Amma onlar da daşnak əcdadları kimi imkandan yararlanıb eyni əməlləri törədə bilərdilər”.