Press "Enter" to skip to content

Denizlidə Azərbaycan sevgisi – ÖZƏL

Osman Zolan

Son yeniləmə: 17 Yanvar 2022 16:34

Osman Zolan: Can Azərbaycan türkün gücünü bir daha bütün dünyaya göstərdi

Bayraqdar.info – “Türkiyə Cümhuriyyətinin qurucusu Gazi Mustafa Kemal Atatürkün söylədiyi kimi “Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir”. Yerləşdiyi regionda hər keçən gün daha da inkişaf edən və güclənən qardaş ölkə can Azərbaycan torpaqlarını işğaldan azad edərək türkün gücünü bir daha bütün dünyaya göstərdi və Qarabağdakı zülmə son qoydu. Eyni qandan, eyni candan olmaqla bu Zəfər türk dünyasını sevincə qərq etdi”.

Bunu Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsinin Başqanı Osman Zolan bayraqdar.info-ya özəl müsahibəsində deyib.

Ət dırnaqdan ayrılmaz

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərinin Denizlidə necə qarşılanması ilə bağlı suala cavabında O.Zolan bildirib: “Bu torpaqlardakı varlığımızın əbədiyyən davam etməsi üçün Azərbaycan ilə qardaşlığımız və ortaq mübarizələrimiz davam edəcək. Keçmişdə olduğu kimi Qarabağın işğaldan azad edilməsində də ölkəmiz Azərbaycana olan dəstəyini qərarlı şəkildə bəyan etdi, bütün qəlbi ilə qardaşlarımızın yanında yer aldı. Çünki ət qırnaqdan ayrılmaz. Tək millət, iki dövlət, dost və qardaş ölkə olan can Azərbaycanın tarixi Zəfərini bir daha təbrik edirəm. Torpaqların işğaldan azad olunması yolunda şəhadət şərbətini içən qəhrəmanlarımıza da Allahdan rəhmət diləyirəm”.

Azərbaycanın Zəfər gününün birinci ildönümü ilə bağlı Denizlidə yerləşdirilmiş bilbordlardan biri

O.Zolanın digər suallara cavabı barədə bir qədər sonra. Hələlik isə bildirək ki, öz coğrafi mövqeyinə, tarixiliyinə və turizm imkanlarına görə xüsusilə fərqlənən, 2021-ci ilin statistikasına əsasən milyon yarıma qədər əhalinin yaşadığı Denizlinin ərazisi 12 min 133 kvadrat kilometrdir. 2021-ci il 4 fevraldakı rəsmi məlumatlara əsasən Denizlidə 19 ilçə və bələdiyyə var ki, bu bələdiyyələr də ümumilikdə 616 məhəlləni əhatə edir.

Yaşı eramızdan əvvəl 261-245-ci illərə qədər uzanan Denizli

Öz tekstili və xoruzu ilə (xoruzla bağlı irəlidə geniş məlumat verəcəyik – N.A.) məşhur olan Denizlinin əsası eramızdan əvvəl 261-245-ci illər arasında qoyulub. Tarixi mənbələrə əsasən Denizli şəhəri ilk dəfə məhz bəhs edilən illər arasında Suriya kralı ikinci Antiox tərəfindən indiki şəhərdən 6 km şimalda yerləşən Eskihisar kəndi yaxınlığında qurulunb. İkinci Antiox şəhəri həyat yoldaşı Laodikiyanın şərəfinə “Laodikeia” adlandırıb. Laodikeia eramızın 7-ci əsrində böyük bir zəlzələ nəticəsində yerlə-yeksan edilib və şəhər indiki Kaleiçi yerinə köçürülüb. Türklər Denizlini fəth etdikdən sonra şəhəri “Ladik” adlandırıblar.

Qədim Denizlidən xəbər verən tarixi sütunlar

Denizli adına tarixi mənbələrdə başqa-başqa formada rast gəlmək mümkündür. Məsələn, Səlcuqluya aid qeydlərdə şəhər Ladik adlanır. İbn Batutanın “Səyahət” kitabında şəhərin adı Tunguslu kimi qeyd olunur. “Mesalikullebsarda”da şəhərin adı Tunguz kimi də vurğulanır.

Əmir Teymurun zəfərini yazan Şərafəddin Zemdi Denizlidən bəhs edərək Tenguzluq və Tonguzluq kimi iki ad çəkir. Tengiz köhnə türkcədə, elə indiki türkcədə də dəniz deməkdir. Tunguzlu isə indiki yazılışı ilə Denizli deməkdir. Nəticədə Denizli adı Tenguzlu və Tunguzlu sözlərindən sonra indiki şəklini alıb.

Denizli qədimliklə müasirliyi özündə vəhdət şəklində yaşadır

Amma adla bağlı ən real izahı Denizlili araşdırmaçı Mümtaz Başkaya verib. O, bununla bağlı yazdığı kitabda Denizli adının mənşəyinin Tengiz olduğunu və bu adı daşıyan bir boyun Anadoluya Orta Asiyadan gəldiyini iddia edib. Bundan əlavə o, Denizlinin adının şəhərdə suyun bolluğu ilə heç bir əlaqəsinin olmadığını çox real şəkildə izah edib. Bu yer adının həm də başqa yaşayış məntəqələrinin adı olduğunu, Türkiyənin başqa yerlərində Denizli və buna bənzər adların olduğunu göstərməklə mövzuya real bir izahat gətirib.

Əslində, bu izah həqiqətən də reallığa yaxındır. Çünki Denizlidə bəzən bu adı ilk eşidənlərin düşündüyü kimi nə dəniz var, nə də bu diyar bolsulu deyil. Demək ki, bu şəhərin adının Orta Asiyadan gələn Tengiz boyundan götürüldüyü daha inandırıcı və əsaslı sayıla bilər.

Qədim türk yurdu, Bozqurd diyarı

Əslində, adın türklüklə bağlı olması, türk kökənli olması həm də ona görə daha realdır ki, Denizlidə qədim türk sözləri ilə adlanan, yaxud türklüyün simvollarını öz adında əks etdirən çox yer, o cümlədən Bozkurt adlı qəsəbə, Oğuzlar, Sofular, Akıncılar, Bayat, Akhan və s. adlı kəndlər var.

Denizli Bozkurt Bələdiyyəsi

Lakin bu da son deyil. İllər öncə bu qədim türk yurdunda olarkən maraqlı bir şey diqqətimizi çəkmişdi. Denizlinin ayrı-ayrı yaşayış məskənlərində, həmçinin kəndlərində istər qurd başlı, istərsə də bəzilərinin üzərində qədim türklərə xas təsvirlərin, damğaların, bəzilərinin isə kayıların təsdiq simvolu sayılan İYİ işarəsinin olduğu qədim məzar daşları və qayaüstü rəsmlərə rast gəlmək mümkündür.

Yerli tarixçilərin də bildirdiyi kimi bütün bunlar hələ dördüncü və beşinci əsrlərdən bu ərazilərin türk yurdu olduğunu təsdiqləyir. Aparılan tarixi-arxeoloji araşdırmalar nəticəsində zaman-zaman Denizlidə Qara dənizin şimalından köç edən bir çox qədim türk boylarının – Qıpçaq, Kuman, Peçeneq, Doqquzoğuz, Hun-Türk, o cümlədən Xəzər türklərinin yaşadığını isbat edən faktlar ortaya çıxıb.

Denizli həm də türklüyün tarixinə qızıl hərflərlə yazılmış, Anadolunun türk yurdu olması ilə nəticələnən döyüşlərin baş verdiyi ərazilərdə yerləşir. Məlumat üçün bildirək ki, 1176-cı ildə Səlcuqlu sultanı ikinci Qılıcarslan bu ərazilərdən türkləri yox etmək niyyəti ilə yürüşə çıxan Bizans imperatoru Manueli məğlub edib. Sentyabrın 17-də əldə edilən bu qalibiyyət türklərin Anadoluda əbədi qalmasını təmin etdi. Bir sözlə, 1071-ci ildə Malazgirt müharibəsi ilə Anadolunun qapısını açan türklər 1176-cı ildə Miryokefolon qələbəsi ilə Anadolunun “tapu”sunu almış oldular.

Bu diyar İstiqlal savaşı dönəmində də mühüm rol oynayıb. İzmirin 1919-cu ilin mayında yunan əsgərləri tərəfindən işğalından sonra Denizli müftisi Ahmed Hulusi Efendi denizlililəri Bayramyeri meydanına toplayaraq işğalçılara qarşı mübarizə aparmaq barədə fətva verib. İşğalçıların Denizlidən qovulması ilə nəticələnən həmin vaxtda qaldırılan bayraq da hazırda Denizli Bələdiyyəsinin binasında saxlanılır.

Məşhur Denizli xoruzuna qoyulan abidə

Hasiyə: Yuxarıda qeyd etdiyimiz kimi, bu şəhər həm də xoruzu ilə məşhurdur. Məlumat üçün bildirək ki, bu, Denizli vilayətinə xas olan xoruz cinsidir. Digər irqlərdən uzun və ahəngdar banlaması ilə seçilir. Yerli xalq çoxalmaq üçün uzun banlayan xoruzlara üstünlük verdiyi üçün zaman keçdikcə kortəbii şəkildə yaranan cinsdir. Xoruzdan söz düşmüşkən, Denizli ətrafında qazılmış, eramızın II əsrinə aid kitabələrdə xoruz motivlərinə rast gəlinir. Eyni zamanda təsadüfi deyil ki, Denizli Böyükşəhər Bələdiyyəsinin gerbində də xoruz əks olunub.

İnkişafına görə İzmirdən sonra Ege bölgəsinin ikinci böyük şəhəri

Bu tarixi məlumatların fonunda onu da vurğulayaq ki, Denizli eyni zamanda müasir inkişaf baxımından da fərqlənir.

Ağ cənnət – Pamukkale

Denizli bu gün öz inkişafına görə İzmirdən sonra Ege bölgəsinin ikinci böyük şəhəridir. Hazırda öz coğrafi mövqeyi, tarixi və turizm potensialı ilə bir dünya şəhəri kimi dəyərləndirilən, Türkiyənin ən böyük şüşə heykəlinin yerləşdiyi Denizli həm də “Ağ cənnət” – Pamukkale, “müqəddəs qədim şəhər” – Hierapolis, dünyada məşhur nekropollar, krallar şəhəri kimi tarixə düşən Laodikeia, antik dövrün tibb və inanc mərkəzi Tripolis, Ege bölgəsinin ən gözəl parkı İncilipınar, tekstil sənayesi, Keloğlan və Keklik mağaraları, Güney şəlaləsi, Yayla Turizm Mərkəzi, flaminqolar diyarı Acıgöl, təbiət möcüzəsi İşıqlı göl, rəqs və musiqiləri, ləziz mətbəxi və s. ilə məşhurdur. Bundan başqa, Ege bölgəsinin ən böyük dağı Honaz da məhz burada yerləşir.

Müasir Denizlidən gecə görünüşü

Dünyaca məşhur təbiət möcüzəsi olan Pamukkale şəhərin simvollarından biridir. Bura UNESCO-nun dünya mədəni irs siyahısındadır. Bundan əlavə Hierapolis, Laodikeia, Tripolis UNESCO tərəfindən qorunur.

Zaman-zaman burada görülən quruculuq işləri, turizmin inkişafı üçün atılan addımlar Denizlini beynəlxalq aləmin diqqət mərkəzinə gətirib. Heç şübhəsiz ki, Denizlinin müasir inkişafında uzun illərdir yerli əhaliyə xidmətləri ilə fərqlənən Böyükşəhər Bələdiyyə Başqanı Osman Zolanın xüsusi əməyi var.

Məlumat üçün bildirək ki, 10 mart 2011-ci ildə o zaman Denizli Böyükşəhər Bələdiyyəsi başqanı olan Nihat Zeybekçinin millət vəkilliyinə namizəd göstərilmək üçün istefa verməsindən sonra Osman Zolan başqan vəkili, yəni sədr əvəzi olub. 16 mart 2011-ci ildə Denizli Bələdiyyə Məclisində keçirilən seçkilərdə O.Zolan başqan seçilib.

Denizli ilin bütün fəsillərində turistlər üçün gözəl imkanlar təqdim edir

30 mart 2014-cü il tarixində keçirilən yerli seçkilərdə hakim AK Parti tərəfindən Denizli Böyükşəhər Bələdiyyə başqanlığına namizəd göstərilən O.Zolan seçkilərdə qalib gəlib. 2019-cu ildə keçirilən seçkilərdə isə bir daha xalqdan dəstək alıb.

Bu qardaşlıq sonsuza qədər davam edəcək

Beləliklə, bayraqdar.info-ya müsahibəsində Azərbaycanın tarixi Zəfərinin birinci ildönümü ilə bağlı Denizlidə hansı addımların atıldığına dair sualı cavablandıran O.Zolan deyib: “8 noyabr 2021-ci ildə Azərbaycan və Türkiyənin eyni sevinci yaşadıqları bir daha dünyaya nümayiş olundu. Həm də bütün dünya bir daha əmin oldu ki, bu qardaşlıq sonsuza qədər davam edəcək. İnsanlıq tarixinə qara ləkə olaraq düşən Xocalı soyqırımının unudulmaması və bu barədə həqiqətlərin bütün dünyaya çatdırlması üçün necə mübarizə apardıqsa, 8 noyabr zəfərini də tarixə yazdıq”.

Osman Zolan və Azərbaycan səfiri Xəzər İbrahim (Hazırda ABŞ-dadır)

“Zəfərin birinci ildönümü ilə bağlı atılan addımlara gəlincə, biz qardaş ölkə Azərbaycanın qələbəsinin birinci ildönümünü ürəkdən təbrik etdik və yaydığımız açıqlama ilə bu sevinci bir daha bütün xalqımızla bölüşdük. Bundan əlavə, şəhərimizin hər yerindəki bilbordlarda, VMS-lərdə və rəsmi internet saytlarımızda da can Azərbaycanın bu mübarək gününü elan etməklə bu sevinci vətəndaşlarımızla bölüşdük”.

Denizlidə Azərbaycan sevgisinin simvolu – Azərbaycan Qarabağ Parkı

Onu da vurğulamaq yerinə düşər ki, Denizlidə Azərbaycan dövlətinə və xalqına xüsusi sevgi var. Məhz bu sevginin nəticəsidir ki, şəhərin mərkəzində yerləşən, böyüklüyü və əsrarəngiz gözəlliyi ilə fərqlənən parka Denizli Böyükşəhər Bələdiyyəsinin 19 aprel 2016-cı il tarixli, 555 saylı qərarı ilə Azərbaycan Qarabağ Parkı adı veirlib.

Denizlidə Azərbaycan Qarabağ Parkı

Özü də təkcə ad verilməyib, eyni zamanda burda Azərbaycanın, Türkiyə-Azərbaycan qardaşlığnın adına yaraşan işlər görülüb. Bu parkı Denizlidə Azərbaycan sevgisinin simvolu adlandırmaq olar.

Parkın salınması ilə bağlı suala cavabında O.Zolan öncə bildirib ki, Azərbaycanla bizim aramızda könüldən könülə gedən bir yol var: “Çünki biz iki dövlət, bir millətik. Xoşbəxt günlərimizi birlikdə paylaşdıqca acılarımızı da birlikdə yaşayırıq. Biz qardaşlığımızı təkcə ürəkdə deyil, dosta, düşmənə də göstərməliyik. Yalnız o zaman dünya durduqca Azərbaycan və Türkiyə bayraqları daim dalğanacaq. Nə qədər çox bağlar qursaq, könül coğrafiyamızla nə qədər bağlı olsaq, bir o qədər güclü olacağıq”.

Denizlidə Xocalı Soyqırımı abidəsinin açılışı

Denizli Böyükşəhər Bələdiyyəsi olaraq tarixə qara ləkə kimi düşən Xocalı soyqırımının unudulmaması fikri ilə 125 min kvadratmetrlik parka Azərbaycan Qarabağ Parkı adını verdiklərini deyən müsahibimiz bildirib ki, bu park şəhərin ana arteriyalarından biri olan Ali Marım bulvarının hər iki tərəfini əhatə edir.

Ərazisinin böyük hissəsini yaşıllıq təşkil edən, insanların dincəlməsi üçün hər cür şəraitin yaradıldığı parkın xüsusi bir özəlliyi də var ki, bu da orada yerləşən Xocalı Soyqırımı abidəsidir: “4 noyabr 2016-cı il tarixində parkın açılışı ilə eyni gündə bu abidənin də açılışı oldu. Abidə qranitdən hazırlanmış bünövrədən və ay-ulduz içərisində olan ana harayı heykəlindən ibarətdir”.

Hər il fevralın 26-da Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı O.Zolan başda olmaqla şəhər rəhbərliyi, müxtəlif qurumların təmsilçiləri, məktəblilər, həmçinin Denizlidə təhsil alan və yaşayan azərbaycanlılar bu abidənin önünə toplaşaraq Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Ötənilki mərasimdə isə həmin vaxt Azərbaycanın Türkiyədəki səfiri olan Xəzər İbrahim də Denizlidə bu abidəni ziyarət edib.

Bu ağrıları heç vaxt unutmayacağıq

Özü də təkcə ziyarətlə iş tamamlanmır. Hər il Xocalı soyqırımı ilə bağlı Denizlidə konfrans və seminarlar keçirilir: “Biz burada hər il fevralın 26-da Xocalı soyqırımının qurbanlarının xatirəsini anmaq, orada həyatını itirmiş şəhidlərimizi yad etmək üçün mərasim keçiririk. Bu ağrıları heç vaxt unutmayacağıq, unutdurmayacağıq. Azərbaycanlı qardaşlarımızın yaşadıqları amansız hücumu və qətliamı hər zaman qəlbimizin dərinliklərində hiss etməyə və bütün dünyanın bu vəhşiliyi unutmaması üçün əlimizdən gələni etməyə davam edəcəyik. Xocalıda şəhid olan azərbaycanlı qardaşlarımıza bir daha Allahdan rəhmət diləyirəm”.

Denizlidə Azərbaycan Qarabağ Parkının açılışı

Sonda iki ölkə arasında əməkdaşlığın inkişafının sevindirici olduğunu deyən Bələdiyyə başqanı bunun bütün sahələri əhatə etdiyini söyləyib: “Dünyada Türkiyə-Azərbaycan qardaşlığı kimi başqa bir nümunə yoxdur. Can Azərbaycan ilə qarşılıqlı sevgi, hörmət və əməkdaşlığa əsaslanan əlaqələrimiz təkcə sosial, mədəni və siyasi sahədə deyil, həm də iqtisadi sahədə günü-gündən möhkəmlənir.

Hökumətlərimiz iki qardaş ölkənin iqtisadi əməkdaşlığının daha da gücləndirilməsi üçün çoxlu təşəbbüslər göstərmiş və bir çox rahatlıqlar gətirmişdir. Türkiyə və Azərbaycan iş adamlarımızın qarşılıqlı əməkdaşlığı və sərmayələri heyranedici olsa da ticarət dövriyyəmiz hər gün keçdikcə daha da artır. İnşallah, hər sahədə birliyimiz, həmrəyliyimiz daha da güclənəcək. Tam inanıram ki, bizim iş dünyamız, qeyri-hökumət təşkilatları bu iqtisadi əməkdaşlıqları daha da artıracaq”.

Mission News Theme by Compete Themes.