Son yeniləmə: 17 Yanvar 2022 15:03
Bayraqdar.info – Bir neçə gündən sonra qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Məlum olduğu kimi 1990-cı ilin qanlı yanvar hadisələri zamanı Azərbaycanın igid oğul və qızları şəhid olub. Lakin o müdhiş gecədə yaşananlar nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Bir sözlə, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Odur ki, xalqımız 20 Yanvarı həm də qürur və şərəf günü kimi xatırlayır.
Hər il olduğu kimi bu il də faciənin ildönümü ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif yerlərində anım tədbirləri keçirilir. Öz növbəsində Eskişehir Azərbaycanlılar Dərnəyi də faciə qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirəcək.
Dərnəkdən bayraqdar.info-ya verilən məlumata görə ənənəvi “Çərşənbə söhbətləri”ndə bu dəfə 20 Yanvar faciəsindən bəhs ediləcək.
Bildirilib ki, tədbirdə öncə 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq. Sonra isə Dərnəyin sədr müavini Sirac Yaquboğlunun 20 Yanvarla bağlı məruzəsi dinləniləcək. Məruzədə həmin dövrdə baş verənlərə tarixi ekskurs ediləcək.