Press "Enter" to skip to content

Aqil Camal: Agentliyin bu məsələyə operativ reaksiyası çox önəmlidir

Aqil Camal

Son yeniləmə: 17 Yanvar 2022 13:16

Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarəti QHT-lər, media, həmçinin, hər bir vətəndaş fərdi şəkildə həyata keçirə bilər

Bayraqdar.info – “Hesab edirəm ki, ölkə Prezidentinin yerli televiziyalara sonuncu müsahibəsi zamanı ictimai nəzarətlətlə bağlı fikirlərindən sonra Agentlik tərəfindən belə bir tədbirin keçirilməsi məsələlərə operativ reaksiya, həmçinin, hazırkı vəziyyəti təhlil edib, effektiv vasitələr axtarmaq baxımından əhəmiyyətlidir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Xatırladaq ki, yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirilib. ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.

Vüsal Quliyev Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələrinin, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb. O, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib və onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.

İctimai şuraların fəaliyyəti gücləndirilməlidir

Öz növbəsində bu cür tədbirlərin əhəmiyyətinə toxunan A.Camal bayraqdar.info-ya açıqlamasında onu da bildirib ki, korrupsiyaya qarşı mübarizədə ictimai nəzarəti QHT-lər, media, həmçinin, hər bir vətəndaş fərdi şəkildə həyata keçirə bilər: “Lakin, ictimai iştirakçılığın, ictimai nəzarətin artıq ölkəmizdə institutlaşmış platforması ictimai şuralardır. Hesab edirəm ki, icra hakimiyyəti orqanları üzərində ictimai nəzarətin effektiv təşkili yollarından biri ictimai şuraların fəaliyyətinin gücləndirilməsi ola bilər”.

QHT rəhbəri bunun üçün aşağıdakı təklifləri irəli sürüb: “Əvvəla hesab edirəm ki, “İctimai iştirakçılıq haqqında” Qanuna bir sıra dəyişikliklər olunmalıdır. İctimai şuraların müvafiq icra hakimiyyətləri orqanlarının fəaliyyətinə ictimai nəzarət mexanizmi Qanunda konkret göstərilməlidir. Mövcud qanunda “ictimai şuraların hüquq və vəzifələri” bölümünə yalnız hansısa layihələrlə tanışlıq və icra hakimiyyətinə təkliflər vermək, ictimai təşəbbüslərlə çıxış etmək kimi müddəalar yazılıb”.

Bir şəxsin bir neçə ictimai şurada təmsilçiliyinin qarşısı alınmalıdır

Onun sözlərinə görə, eyni zamanda ictimai şuralara seçkilərin təşkili və ümumiyyətlə, bu proses müvafiq icra hakimiyyətinin nəzarətindən çıxarılmalıdır: “Necə ola bilər ki, icra hakimiyyəti orqanı onun fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək şuranın formalaşmasında dolayı yolla iştirak etsin? Seçkilər İH-binalarından kənarda keçirilməlidir. İctimai şura kənarda formalaşmalıdır. Bu işi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tənzimləyə, təşkil edə bilər”.

“Bir şəxsin bir neçə ictimai şuradada təmsilçiliyinin qarşısı alınmalıdır”, – deyən A.Camal qeyd edib ki, ictimai şuraların formalaşması zamanı profilləşmiş QHT-lərin təmsilçiliyi əsas götürülməlidir: “Məsələn, mən yalnız bir şurada – Qaçqın və Məcburi Köçkünlərin İşləri üzdə Dövlət Komitəsi yanında İctimai Şurada təmsil olunuram. Hesab edirıəm ki, bununla daha çox vətəndaş cəmiyyəti fəalının ictimai nəzarət işinə cəlb edilməsinə nail olmaq olar”.

Mission News Theme by Compete Themes.