Son yeniləmə: 14 Yanvar 2022 16:17
Bayraqdar.info – Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn rejimdə keçirilmiş növbəti toplantısında Qazaxıstanda baş verən hadisələr zamanı jurnalist fəaliyyətinin məhdudlaşdırılması halları müzakirə olunub.
Mətbuat Şurasından yanvarın 14-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Mətbuat Şurasının sədri, assosiasiya sədrinin birinci müavini Əflatun Amaşov tədbirdə iştirak edib.
“Qazaxıstanda baş verənlər söz və ifadə azadlığına həssas yanaşılması vəzifəsini arxa plana atdı. Məlum oldu ki, dünyaca qəbul edilmiş bütün prinsiplərə, təlimatlara baxmayaraq, ekstremal şəraitlərdə həqiqətlərin çatdırılması işini həyata keçirən jurnalistlər üçün risk faktoru böyükdür, mövcud istiqamətdə hər hansı toxunulmazlıq təminatı demək olar yox səviyyəsindədir”, – deyə tədbirdə bildirilib.
“Toplantıda o da vurğulanıb ki, Qazaxıstan hadisələri jurnalistika üçün yeni təhlükəsizlik standartları barədə düşünmək üçün əsaslar verib. Eyni zamanda beynəlxalq media təşkilatlarının üzərinə yerli hökumətlərlə daha səmərəli işləmək vəzifəsini qoyur. Tədbirdə bununla əlaqədar geniş fikir mübadiləsi aparılıb.
“Ümumdünya Mətbuat Şuraları Assosiasiyası toplantıda həmçinin Myanmarda söz və ifadə azadlığı ilə bağlı vəziyyətdən narahatlıq ifadə olunub.
“Tədbirdə eyni zamanda təşkilatın 2022-ci ildəki fəaliyyət istiqamətləri nəzərdən keçirilib”, – deyə məlumatda qeyd edilir.