Son yeniləmə: 14 Yanvar 2022 14:30
Emin Həsənli: Elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik
Bayraqdar.info – “Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçiləndən bu günə qədər dediyi bütün sözlər, verdiyi bütün vədlər reallıqda öz təsdiqini tapıb. Cənab Prezident deyirdi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olacaq. Cənab Prezident deyirdi ki, qaçqın şəhərciyi ləğv olunacaq. Cənab Prezident deyirdi ki, Azərbaycan iqtisadi baxımdan qüdrətli dövlət olacaq. Cənab Prezident bəyan edirid ki, torpaqlarımız işğaldan azad olunacaq. Bu deyilənlərin hamısı reallaşıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Torpaqlarımız işğaldan azad olundu. Son 200 ilin ən böyük qələbəsini yaşadıq”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, bu gün həmin qələbə nəticəsində Azərbaycan regionda yeni reallıq yaradıb və bütün dünya bu reallıqla hesablaşmaq zorundadır: “Çünki bu reallıq regiona əbədi sülh və inkişaf, prosesə səmimi yanaşan ölkələrə isə yeni əməkdaşlıq imkanları vəd edir”.
Müsahibimiz qeyd edib ki, bütün bunlardan Ermənistan nəticə çıxarmalıdır: “Cənab Prezident müharibədən öncə dəfələrlə bəyan etmişdi ki, əgər Ermənistan əsgəri ölmək istəmirsə rədd olub torpaqlarımızdan getsin. Amma Ermənistan bundan nəticə çıxarmadı və müharibədə həm hərbi, həm də mənəvi-siyasi baxımdan sarsıdıcı, ölümcül zərbə aldı. İndi isə cənab Prezident bəyan edir ki, Ermənistan nəhayət ki, sülh müqaviləsini imzalasın. Cənab Prezident yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də bir daha bu məqama toxundu. Cənab İlham Əliyev Ermənistanın mövqeyindəki tez-tez baş verən dəyişikliyə işarə edərək “Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”, – dedi.
Bəli, cənab Prezidentin bəyan etdiyi kimi onlar elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Əgər Ermənistan bu gün yaranmış bu şəraitdən ağıllı şəkildə istifadə etməsə, Azərbaycanın və Türkiyənin ona uzanan sülh əlini lazımi şəkildə cavablandırmasa o zaman bundan uduzan bütövlükdə ermənilər olacaq. Çünki müharibə ritorikasının davam etdirilməsi Ermənistanın bir dövlət kimi yox olması ilə nəticələnə bilər. Ona görə də onlar yaxşı-yaxşı fikirləşsinlər”.