Son yeniləmə: 14 Yanvar 2022 13:46
Bayraqdar.info – Ərdəbil həbsxanasında saxlanılan Əfşar Muhibbin yaxınları yanvarın 13-də fəalın müvəqqəti azadlığa buraxılması üçün İnqilab Məhkəməsinin 3-cü şöbəsinə müraciət edib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, şöbənin müstəntiqi Hatif Qasımzadə təyin olunan 50 milyon tümənlik girov müqabilində Ə.Muhibbin müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmasına qarşı çıxıb.
Qeyd edək ki, ərdəbilli milli fəalın zaminə buraxılması üçün müəyyən edilən 50 milyon tümənlik girovun ödənilməsindən 23 gün keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə və qanuna zidd olaraq onun sərbəst buraxlmasına imkan verilmir.
Ərdəbilli milli-mədəni fəal Ə.Muhibb ötən il dekabrın 22-sində yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.
O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “hakimiyyətə qarşı təbliğat aparmaq” və “hökumətə müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu, Ərdəbilin mərkəzi həbsxanasına köçürüldüyünü deyib.
Milli fəal daha öncə 23 yanvar 2021-ci il tarixdə iş yerindən çıxarkən İranın təhlükəsizlik orqanının əməkdaşları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına salınaraq dindirilib.