Son yeniləmə: 14 Yanvar 2022 12:05
Türk cümhuriyyətlərinın hamısı qardaşdır, amma Türkiyə ilə Azərbaycan əkiz qardaşdır
Bayraqdar.info – “Türkiyə ilə can Azərbaycan arasında ikinci dəfə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü böyük bir qürur və xoşbəxtliklə qeyd edirik. Bu münasibətlə hər kəsi təbrik edirəm. İnsanlıq var olduqca Türkiyə və Azərbaycan bayraqları digər qardaş ölkələrin bayraqları ilə birlikdə daim yüksəkliklərdə dalğalansın”.
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bayraqdar.info-ya açıqlamasında H.Kılıç bildirib ki, iki qardaş ölkə arasındakı diplomatik əlaqələr dünyada bir nümunədir: “1918-ci ildə olduğu kimi 1991-ci ildə də Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə oldu. Onu da deyim ki, bu tanınmadan sonra Azərbaycanın həm BMT, həm də həm də digər ölkələr tərəfindən tanınması istiqamətində iki qardaş ölkə arasında qısa müddətdə səmərəli əməkdaşlıq əlaqələri qurulub. Məhz bunun nəticəsi olaraq 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğalından dərhal sonra Türkiyə Ermənistan ilə sərhədini bağlayıb və bu sərhəd hələ də açılmayıb. Bu sərhədin açılması Azərbaycanımızın razılığı alındıqdan sonra reallaşacaq. Eyni zamanda bu vaxta kimi Türkiyə və Azərbaycan təmsil olunduqları bütün beynəlxalq təşkilatlarda bir-birinə sıx dəstək veriblər. Bir sözlə, cənab Prezidentin də dəfələrlə bəyan etdiyi kimi Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin bir bənzəri dünyada yoxdur”.
Müsahibimiz qeyd edib ki, dünyada eyni soy, kök və dilin daşıyıcısı ola bir çox ölkələr var: “Amma görürük ki, bizim əlaqələr tamamilə fərqlidir. Çünki bu əlaqələrin əsasında xalqlarımızın əsrlərə söykənən qardaşlıq bağları dayanır”.
Məlum olduğu kimi bu 30 illik diplomatik əlaqələrin bəlli bir dövründə də H.Kılıç Türkiyənin Azərbaycandakı səfiri kimi fəaliyyət göstərib. Açıqlamasında bu məqama da toxunan sabiq səfir deyib: “Mən bu 30 ilin hardası 12 ilini iki qardaş ölkə arasındakı əlaqələrin daha da güclənməsi istiqamətində fəaliyyətlərə həsr etmişəm. Bildiyiniz kimi mən 2008-2012-ci illərdə Türkiyənin can Azərbaycandakı səfiri kimi fəaliyyət göstərdim. Bu müddət ərzində rəsmi görəvdə olaraq Türkiyə-Azərbaycan əlaqələrinə xidmət etdim. Lakin Bakıdakı postumdan ayrılandan sonra da iki qardaş ölkənin əlaqələrinin daha da genişlənməsi üçün səylə çalışdım. Azərbaycanlı dostlarımın da dediyi kimi harda işləməyimdən aslı olmayaraq iki ölkənin səfiri olaraq bu əlaqələrə dəstək olmaq üçün səylər göstərdim və bu gün də göstərirəm”.
H.Kılıç Azərbaycanda səfir olduğu dönəmdə üzləşdikləri bəzi çətinliklər barədə də danışıb: “Bildiyiniz kimi 2009-cu ildə bəzi ölkələrin Türkiyə-Ermənsitan sərhədinin açılması istiqamətində bəzi tələb və cəhdləri oldu. Həmin vaxt mənim Azərbaycandakı səfir kimi fəaliyyətimdə bəzi sıxıntılar oldu. Bu sıxıntılar isə Azərbaycandan deyil, xaricdən qaynaqlanırdı. Yəni həmin vaxt bəzi xarici güclər və dövlətlər Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək üçün çeşidli cəhdlər etdilər. Bəzi təxribatlar törədildi. Bu barədə yetərincə yazıldığı üçün, yenidən onların detallarına varmaq istəmirəm. Amma şükürlər olsun ki, azərbaycanlı qardaşlarımızın da hadisələrə soyuq başla yanaşması nəticəsində, onlarla əl-ələ verərək bu sıxıntıları dəf edə bildik”.
Müsahibimiz onu da vurğulayıb ki, iki qardaş ölkə arasında ikinci dəfə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü çox gözəl bir dövrə təsadüf edir: “Əgər 30 il öncə Azərbaycan işğalçı düşmənin hücumları ilə baş-başa qalan bir ölkə idisə, bu gün Azərbaycan qüdrətli ordusu ilə öz torpaqlarını düşmən işğalından azad etmiş, regionda aparıcı söz sahibi olan bir ölkədir. Vətən savaşında Türkiyənin mənəvi və siyasi dəstəyini hər an hiss edən qardaş Azərbaycan tarixi Zəfər əldə edərək, yeni reallıqlar yaradıb. Onu da xüsusi qeyd edim ki, həmin müharibə günlərində Türkiyə Azərbaycana həm də fəal diplomatik dəstək verdi. Bu gün iki qardaş ölkə Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən təşəbbüslər regiona əbədi sülh və inkişaf vəd edir. Ulu öndərlər Mustafa Kemal Atatürkün və Heydər Əliyevin qüdrətli kəlamlarından, həmçinin cənab prezidentlər Recep Tayyip Erdoğan və İlham Əliyev tərəfindən imzalanana tarixi Şuşa Bəyannaməsindən güc alan Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Bu qardaşlıq sayəsində bu günə qədər olduğu kimi gələcəkdə də bütün sahələrdə uğurlu layihələr həyata keçiriləcək, xalqlarımızın rifahı üçün birlikdə addımlar atılacaq”.
“Mənim bir sözüm var. Hər zaman deyirəm ki, türk cümhuriyyətlərinın hamısı qardaşdır, amma Türkiyə ilə Azərbaycan əkiz qardaşdır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türkiyə-Azərbaycan birliyi! Gücümüz birliyimizdədir. Dünya var olduqca bu qardaşlıq əlaqələri, diplomatik əlaqələr daha da genişlənəcək. Bir daha diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı iki qardaş ölkənin rəsmilərini, diplomatlarımızı və xalqlarımızı təbrik edirəm”, – deyə H.Kılıç sonda bildirib.