Press "Enter" to skip to content

Çin Hindistanla yeni toqquşmaya hazırlaşır

Elxan Şahinoğlu

Son yeniləmə: 14 Yanvar 2022 13:31

Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Bayraqdar.info – Çin-Hindistan sərhədinin dağlıq ərazisində – Ladakh bölgəsində yenidən gərginlik gözlənilir. Məsələ burasındadır ki, iki dövlətin yüksək rütbəli hərbçiləri və rəsmiləri arasında uzun müddətdir aparılan danışıqlar – nə az, nə çox, düz 14 görüş nəticə verməyib. Bu isə o deməkdir ki, 2020-ci ildə sərhədin həmin hisssəində baş verən toqquşmanın təkrarlanması ehtimalı yüksəkdir.

Çin sərhədin dağlıq hissəsinə əlavə qüvvələr yerləşdirməkdə davam edir. Hindistan buna cavab olaraq eyni addım atıb. Hər iki ölkə sərhədin dağlıq hissəsinə ağır hərbi texnika, tanklar və artileriya qurğuları yerləşdirib. Pekin düşünürdü ki, Hindistan onun hərbi gücü qarşısında geri çəkiləcək. Ancaq Dehli sərhədin dağlıq hissəsini Çinə güzəştə getmək istəmir.

Danışıqların nəticə vermədiyi dövrdə Çin Himalay dağlarında daha çox qüvvə toplayacaq. Ölkə parlamentinin qərarına görə də həmin ərazilər güzəştə gedilməyəcək. Pekin bu durumdan narahat deyil, Hindistan hökuməti isə mövcud vəziyyətə görə Çinlə siyasi və iqtisadi əlaqələrini faktiki dondurub. Dehli sərhədlə bağlı razılaşmadan sonra münasibətlərin normallaşacağına ümid edir. Ancaq bu ümidlər özünü doğrultmur.

Çin sərhədin mübahisəli hissəsində körpü inşa edib. Hindistan isə hesab edir ki, həmin körpü 60 ildir Çinin işğal altında saxladığı ərazidə inşa edilib. Pekin Dehlinin bu iddialarını qəbul etmir. Çin inşa etdiyi yeni körpü vasitəsilə sərhədə daha çox hərbi texnika keçirə biləcək. Körpünün altından keçən çayın 75 faizi də Çinin nəzarəti altındadır.

“Röyter” Agenliyinin məlumatına görə Çin yalnız Hindistanla deyil, 800 min əhalisi olan kiçik Butan dövləti ilə sərhəddə də inşaat işləri aparır. Butan Hindistanın müttəfiqidir. Bəlkə buna görə Pekin Butanla sərhədə də iddia edir və sərhədin bu istiqamətində əlavə hərbi qüvvə toplayır.

Sərhədlərlə bağlı hazırki durum Çinlə Hindistan arasında yeni toqquşma ehtimalını artırır. Mövcud vəziyyət Hindistanı daha çox ABŞ-la müttəfiqliyə yaxınlaşdıracaq. Rusiya istəmir ki, Dehli Vaşinqtonla strateji tərəfdaşlığını gücləndirsin. Rusiya prezidenti Vladimir Putinin ötən ay Hindistana rəsmi səfəri də bundan xəbər verirdi. Ancaq Pekinin siyasəti Kremlin Hindistanı Rusiyaya yaxınlaşdırmasına imkan vermir. Kreml sərhəd məsələsində tərəfdaşı Pekinin siyasətinə təsir etmək istəmir. Belə olduqda da Dehli Moskva-Vaşinqton seçimində ikinciyə daha çox üstünlük verəcək.

Mission News Theme by Compete Themes.