Press "Enter" to skip to content

80 hidrotexniki qurğuda cari təmir işləri aparılıb

Son yeniləmə: 14 Yanvar 2022 10:02

Bayraqdar.info – Göyçay rayonunda 26448 hektar əkin sahələrinin suvarılması üçün 3 su mənbəyindən istifadə edilir. Göyçay çayı vasitəsilə 7069 ha, Yekəxana su anbarı vasitəsilə 1607 hektar və Yuxarı Şirvan Kanalı vasitəsi ilə 17772 hektar sahə suvarılır.

Bu barədə bayraqdar.info-ya yanvarın 14-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin qarşısının alınması və uzun müddət istismar olunan beton kanalların əsaslı təmir olunaraq yenidən fermerlərin istifadəsinə verilməsi istiqamətində xeyli işlər görülüb: “Belə ki, Yekəxana su anbarından təsərrüfatlara suyu çatdıran Qarayazı beton kanalının yararsız hissələri qazılıb çıxarılaraq yerinə yeni beton kanal çəkilib. Qarayazı beton kanalına texniki baxış keçirildikdən sonra kanal üzərində olan akveduk və dükerlərdə əl ilə təmizləmə işləri aparılıb və bütün qurğular işlək vəziyyətə gətirilib”.

Qeyd edilib ki, 2021-ci ildə 80 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılıb. Ayrı – ayrı mənbələrdən suvarma suyunu götürərək su istifadəçilərinə çatdırılması məqsədi ilə Göyçay Suvarma Sistemləri idarəsinin balansında olan 205,8 km təsərrüfatarası kanal və 1 min 516 km təsərüfatdaxili kanallardan istifadə olunur.

Vurğulanıb ki, Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il 1056 min m3 həcmdə yəni 528 km məsafədə lildən təmizləmə işləri aparılıb: “O cümlədən Qaraxıdır, Bığır, Hacalıkənd II, Şəkər II, Ləkçıplaq I, Qarabaqqal I, Çaxırlı, Potu, Mirzəhüseynli, Yalman, Qaraman, Mallı-Şıxlı, Xəlitli, Qarayazı, Çərəkə, Ərəb II və Yeniarx arxında və başqa arxlarda lildən təmizləmə işləri həyata keçirilib”.

Əlavə edilib ki, 2021-ci ildə Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən tədbirlər planına uyğun olaraq 672 min m3 həcmdə Göyçay çayının məcrasında məcra təmizləmə işləri aparılıb. İdarədən o da bildirildi ki, bu il, 2022-ci ildə suvarılmanın mütəşəkkil aparılması üçün hazırlıqlar davam edir.

Mission News Theme by Compete Themes.