Son yeniləmə: 13 Yanvar 2022 16:10
Bayraqdar.info – Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.
Məlumat bayraqdar.info-ya yanvarın 13-də Müdafiə Nazirliyindən verilib. Məlumatda deyilir ki, müdafiə nazirinin qərarı ilə təsdiq edilən müvafiq təlimata uyğun təşkil olunan toplanışda heyət üçün “Əlverişsiz şəraitlərdə yanğınların söndürülmə xüsusiyyətləri” mövzusunda məşğələ keçirilib.
“Məşğələdə hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə müfəttişlərin bilik və bacarıqları təkmilləşdirilib. Daha sonra aşağı temperaturlarda, su çatışmazlığı, güclü külək və tüstülənmə zamanı yanğınların söndürülməsinə dair suallar müzakirə edilib.
“Sonra “Tam döyüş açılışı” mövzusunda praktiki məşğələ keçirilib. Məşğələnin şərtlərinə görə şəxsi heyət həyəcan siqnalı ilə şərti yanğın komandasını icra edib. Şərti yanğın yeri, əşya-əmlak saxlancı təyin olunub. Şərti yanğının söndürülməsi tapşırığı müvəffəqiyyətlə icra edilib”, – deyə məlumatda bildirilir.