Son yeniləmə: 13 Yanvar 2022 10:49
Bayraqdar.info – Vətəndaşlara əlillik dərəcələrinin verilməsi prosedurunu saxtalaşdıran Komissiya üzvlərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan yanvarın 13-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, 2021-ci il ərzində müxtəlif tibb müəssisələrinin həkim məsləhət komissiyalarının üzvləri tərəfindən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcələrinin verilməsi məqsədi ilə təyin edilmiş diaqnozların saxtalaşdırılması faktları barədə məlumatlar daxil olub. Məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işlərinin ibtidai istintaqı yekunlaşıb.
“Həmin işlər üzrə aparılmış istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və Könül Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri məlum olub. Onlar Komissiyaya müraciət etmiş şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.
“Hər iki vəzifəli şəxs CM-nin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri aidiyyatı üzrə məhkəməyə göndərilib”, – deyə məlumatda bildirilir.