Son yeniləmə: 13 Yanvar 2022 10:44
Bayraqdar.info – Azərbaycanın kənd təsərrüfatında, xüsusilə də meyvə tədarükü ilə məşğul olan fermer və sahibkarlar üçün mühüm yenilik baş verib. Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə iqtisadi məqsədlərlə ən çox əkilən meyvələr – xurma, ərik, şaftalı, albalı, gilas, alça, gavalı, heyva, alma, armud, çiyələk və nar dövlət dəstəkli aqrar sığortanın əhatə etdiyi məhsulların sırasına daxil edilib.
Dövlət dəstəkli olduğuna görə, bu əkinlərin sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Sözügedən bitkilər təkcə ölkənin ərzaq təhlükəsizliyi üçün deyil, həm də xaricə ixrac baxımından mühüm əhəmiyyət daşıyır. Sadalanan meyvələrin xaricə ixracı təkcə 2021-ci ildə Azərbaycana 180 milyon dollardan artıq gəlir gətirib.