Son yeniləmə: 13 Yanvar 2022 11:51
Bayraqdar.info – “Aqar sığorta qaydalarına görə, meyvələr dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma (yeni), leysan (yeni), ildırım vurması, şaxtavurmadan (donvurma – yeni), normadan artıq yağan qar yağıntıları (yeni), üçüncü şəxslərin hərəkətləri və sair risklərdən sığortalanır. Meyvələrin sığortalanması üçün aqrar sığorta tarifləri meyvələrin növündən və əkin sahəsinin yerləşdiyi ərazidən, eləcə də seçilən sığorta zərfindən asılı olaraq dəyişir”. Bu sözlər Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdəndir. Xəbərdə baza zərfi üçün sığorta tarifləri açıqlanıb:
“Albalı məhsulunda 3,36-7,31, alça və gavalıda 3,49-7,62, alma və armudda 3,26-7,06, çiyələkdə 2,76-6,14, ərikdə 2,19-4,48, gilas məhsulu üzrə 3,56-7,81, nar məhsulu üzrə 1,62-3,0, şaftalı məhsulunda 2,55-5,34, xurma məhsulu üzrə 2,14-4,36 faiz təşkil edir.
“Misal1. Bir hektar alma (və ya armud) sahəsinin sığortası:
Bir ha sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1 sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri – sığorta məbləği 3 min 200 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 104- 226 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 52-113 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 2 min 880 manat təşkil edir.
Misal 2. Bir hektar şaftalı (nektarin) sahəsinin sığortası:
Bir ha sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1 sentner məhsulun bazar qiyməti – 30 manat olarsa, sahədə gözlənilən məhsulun ümumi dəyəri, yəni sığorta məbləği 2 min 400 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 61-128 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 31-64 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 2 min 160 manat təşkil edir.
Misal 3. Bir hektar xurma sahəsinin sığortası:
Bir ha sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1 sentner məhsulun bazar qiyməti – 25 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri, yəni sığotrta məbləği 2 min manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 43-87 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 22-44 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 1 min 800 manat təşkil edəcək.
“Əlavə sığorta haqqı ödəməklə meyvələr dolu vurması nəticəsindən keyfiyyət itkisindən, şaxtavurmadan (donvurma – yeni), eləcə də bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalana bilər.
“Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar”. Xəbərdə belə bildirilir.