Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın vəfatının 10-cu ildönümü münasibətilə mərasim keçirilib.
Bu barədə yayılan məlumatda deyilir ki, qurucu Cümhurbaşqanın məqbərəsində təşkil edilən mərasimdə KKTC-nin dövlət başçısı Ersin Tatar, Rauf Denktaşın ailəsi, dövlət və hökumət rəsmiləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən Cümhurbaşqanı E.Tatar bildirib ki, Rauf Raif Denktaş deyiləndə ilk ağla müstəqillik, suverenlik və dövlət gəlir.
R.Denktaşın son sözlərinin də “müstəqillik, azadlıq, suverenlik və Türkiyə ilə yaxşı münasibətlər” olduğunu ifadə edən Cümhurbaşqanı E.Tatar “Biz onun vəsiyyətini yerinə yetiririk”, – deyib.
R.Denktaşın oğlu Serdar Denktaş isə çıxışında uzun və məşəqqətli bir yol keçmiş Kıbrıs türk xalqının azadlıq üçün bütün çətinliklərə sinə gərdiyini bildirib.
S.Denktaş, “Bu günləri daha yaxşı yaşamaq üçün verilən mübarizəni lazımi səviyyədə qarşılaya bilmədik. Qurucu Cümhurbaşqanımızı həsrətlə, rəhmətlə və üzrlə anıram”, – deyib.