Press "Enter" to skip to content

Kiyevdə İlham Əliyevi gözləyirlər

Elxan Şahinoğlu

Son yeniləmə: 13 Yanvar 2022 19:02

Elxan ŞAHİNOĞLU – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Bayraqdar.info – Rusiya Prezidenti Vladimir Putin ötən ilin sonunda keçirdiyi geniş mətbuat konfransında Qərbi hədələmişdi. Kreml sahibi demişdi ki, əgər Qərb onun şərtlərini qəbul etməsə ağır nəticələriylə üzləşməli olacaq. Ağır nəticə dedikdə isə Ukraynaya hücum əməliyyatı nəzərdə tutulurdu. Təsadüfi deyil ki, Rusiya Ukrayna ilə sərhəddə aylardır yüz minlik qoşun saxlayır. Putin onu da demişdi ki, Vaşinqton və NATO rəhbərliyi ilə danışıqlara hazırdır, ancaq nəticə əldə edilməsə planlaşdırdığını edəcək.

Danışıqlar nəticə vermədi. Vaşinqton və Brüssel Kremlin ultimatumlarını qəbul etməyib. Bununla ABŞ və NATO rəhbərliyi Kremlə sanki eyni mesaj göndəriblər: “Sən bildiyini edəcəksənsə, biz də bildiyimizi edəcəyik, səndən çəkinmirik”.

Bu vəziyyətdə Putin planlaşdırdığını edəcəkmi? Rusiyada Ukrayna ilə müharibə ssenarisinə heç də hamı hazır deyil. Misal üçün, Qərblə danışıqlarda ölkəsini təmsil edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, hərbçilər V.Putinə müxtəlif variantlar təklif ediblər, “ancaq diplomatiyaya şans vermək lazımdır”.

S.Ryabkovun sözlərindən nə anlamaq olar? İki variant var. Birinci variant odur ki, Rusiya diplomatları ilə hərbçiləri arasında Ukrayna məsələsində fikir ayrılığı var. İkincilər müharibəyə hazırlaşır, birincilər isə danışıqları davam etdirmək istəyirlər. İkinci variant odur ki, Kreml sahibi S.Ryabkovun diliylə geri addım atıb, masadan qalxmayacağına işarə edib.

Bu arada Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərə gedəcəyi xəbəri lap yerinə düşdü. Müxtəlif illərdə Bakıya səfər edən Ukraynanın keçmiş və indiki prezidentləri Petro Poroşenko və Volodimir Zelenski Azərbaycan Prezidentini Kiyevə dəvət etmişdilər. İ.Əliyevi Kiyevdə çoxdan gözləyirlər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu, Kiyevdə keçiriləcək ikitərəfli görüşdə bir daha vurğulanacaq.

Mission News Theme by Compete Themes.