Press "Enter" to skip to content

“Hello Türkiye” kampaniyası

Son yeniləmə: 13 Yanvar 2022 16:32

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığı “Hello Türkiye” adlı kampaniyaya başlayıb. Kampaniyada əsas məqsəd qardaş ölkənin milli və beynəlxalq adının “Türkiye” kimi istifadə olunmasının beynəlxalq arenada daha effektiv şəkildə işıqlandırılmasıdır.

Türkiyənin ölkəmizdəki səfirliyindən bayraqdar.info-ya verilən məlumata görə Türkiyə markasının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində hazırlanan video İletişim Başqanlığının sosial şəbəkə hesablarında paylaşılıb.

Türkiyənin müxtəlif yerlərində xarici turistlərin öz tələffüzləri ilə “Hello Türkiye” deyərək mesajlarını göndərdiyi video qlobal influenserlərin “#helloTürkiye” etiketi ilə sosial şəbəkə paylaşımlarıylabir çox ölkədə qarşılıqlı təsir yaradır.

Kampaniya ilə sosial şəbəkəvasitəsilə əcnəbilərin Türkiyə adını müxtəlif dillərdə istifadə etmələrinin qarşısı alınaraq “Türkiye” ifadəsinin işlədilməsi hədəflənir.

Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altun mövzu ilə bağlı şərhində dekabr ayında Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzası ilə Türkiyənin adının beynəlxalq arenada yalnız “Türkiye” kimi istifadə edilməsinə dair sənədin dərc edildiyini xatırladıb.

O, bu qərarın beynəlxalq arenadaTürkiyə markasının gücləndirilməsi hədəfi istiqamətində atılan mühüm addım olduğunu, Türkiyənin hər sahədə olduğu kimi dil və ünsiyyətdə də mənliyini və kimliyini gücləndirdiyini vurğulayıb.

Türkiyə markasını gücləndirmək üçün Türkiyə Marka Ofisi quracaqlarını bildirən Altun ofisin Türkiyənin qlobal marka kimliyi sahəsində işlər görəcəyini, ölkənin imicinin və marka dəyərinin güclənməsinə töhfə verəcəyini qeyd edib.

Sözügedən ofisin özəl sektor və dövlət qurum və təşkilatları ilə əməkdaşlıq edəcəyinə diqqət çəkən F.Altun “Təbii ki, burada cəmiyyətimizin hər bir təbəqəsinin həssaslıq göstərməsi və dəstək verməsi çox vacibdir. Dövlət qurumlarımızın, QHT-lərimizin, elmi dairələrimizin, mətbuatımızın işlərində, yazışmalarında, fəaliyyətlərində, iştirak etdikləri tədbirlərdə ölkəmizin adını “Türkiye” kimi istifadə etməsi və tələffüz etməsi bizim üçün çox önəmlidir. Biz vahid şəkildə hərəkət edərək Türkiyə markasını bütün dünyada daha da gücləndirə bilərik”, – deyə bildirib.

 

 

Mission News Theme by Compete Themes.