Son yeniləmə: 13 Yanvar 2022 13:28
KKTC-nin qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşı xatırlayarkən
Bayraqdar.info – Tarix boyu müxtəlif haqsızlıqlara tuş gələn, dövlətçilik haqları tapdalanan xalqlar olub. Nə qədər acınacaqlı olsa da, həmin xalqlar arasında türklər üstünlük təşkil edib. Bütün bunlara rəğmən, onlar öz haqlı mücadilələrini davam etdirirlər. Çünki türklərin önündə dünyaya nümunə olacaq rəhbərlər, sərkərdələr olub və bundan sonra da olacaq.
Həmin sərkərdələr, siyasət adamları haqqında tarix kitablarından oxuduqca sonsuz qürur keçiririk. O tarixi şəxsiyyətlərlə görüşə bilmək isə bir başqa xoşbəxtlikdir. Düzü mən də bu baxımdan özümü xoşbəxt saya bilərəm. Çünki belə liderlərdən olan Ulu öndər Heydər Əliyevi sağlığında görmüşəm. Eyni zamanda türk dünyasına nümunə olan belə liderlərdən biri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşla da bir vaxtlar yaxından görüşmək, ondan müsahibə almaq, hətta şəxsi izacəsi ilə onun “Karkot dərəsi” adlı kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırmaq imkanı qazanmışam. Bu dahi şəxsiyyətin vəfatının 10-cu ildönümündə həmin görüşlərin xatirələrinin işiğında Rauf Denktaşın KKTC üçün göstərdiyi misilsiz qəhrəmanlıqlardan da bəhs etməyə çalışacağıq.
Sağlığında hər zaman dövlətin əsil sahibi kimi meydanda olan KİŞİ
Qeyd edim ki, bu tarixi şəxsiyyətlə üç dəfə görüşmək xoşbəxtliyi yaşamışam. Onunla ilk görüşümüz 1999-cu ilin iyulunda baş tutmuşdu. Həmin vaxt Rauf Denktaş KKTC-nin Cümhurbaşqanı idi.
İkinci görüşümüz isə 2005-ci il, iyulun 27-də ATİB-in təşkil etdiyi Azərbaycandan KKTC-yə birbaşa təyyarə reysi zamanı Lefkoşada keçirilən tədbir çərçivəsində baş tutdu. Həmin vaxt artıq R.Denktaş Cümhurbaşqanı deyildi. Amma KKTC-nin sabahı barədə çox narahat idi. Xüsusilə həmin dövrdə revanş götürən “sülhpərvərlər”in KKTC-ni doğru istiqamətə aparmayacaqlarına görə narahatlıq keçirirdi və bu narahatlığını yanına gələnlərlə bölüşürdü. Bütün cümlələrinin əvvəli “Ana Vətən Türkiyə Kıbrısı yalqız buraxmamalıdır” idi.
Məlumat üçün bildirək ki, özlərini “sülhpərvərlər” kimi təqdim edənlər kosmopolit düşüncəyə sahib, Kıbrıs türkünün müstəqil dövlət olmaq haqqını qurban vermək üçün fürsət gözləyən bəlli təbəqəni təmsil edirdilər.
R.Denktaşla üçüncü görüşümüz isə 2007-ci ilin noyabrında oldu. Həmin vaxt bəhs etdiyimiz kosmopolit təbəqə dövlət qurumlarının bütün qollarında möhkəmlənmək üçün qəti hərəkətə keçmişdi. Bu təbəqənin leksikonunda “türklük” kəlməsi yox idi sanki. Bunu bizlər, Azərbaycandan olan jurmalistlər müvafiq qurumlarda, hətta Cümhurbaşqanlığında keçirilən görüşlərdə özümüzə qarşı soyuq davranışdan da hiss edirdik.
Üç görüşdən çıxan ümumi nəticə
Ümumiyyətlə bu üç görüşdən çıxan nəticələri aşağıdakı şəkildə sıralaya bilərik.
Əvvəla, R.Denktaşda Azərbaycana, Azərbaycan xalqına, Ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə böyük bir sevgi, hörmət duyduq. Belə deyək, birisi ilə söhbətdə ona əziz olanlar barədə bəhs edərkən həmin şəxsin gözündə sonsuz məhəbbət dolu bir işartı hiss edərsiniz. Azərbaycanlılarla görüşündə biz rəhmətlik R.Denktaşın gözlərində məhz həmin işartını, sevgini hiss etdik, gördük.
Yaxşı yadımdadır, birinci görüşümüz zamanı, yəni 1999-cu ildə Cümhurbaşqanı kimi R.Denktaşın KKTC-yə gələn xarici nümayəndə heyətlərinin hər biri ilə görüşü üçün eyni olmaqla, 20 dəqiqə ayrılmışdı. Amma bizimlə söhbət o qədər maraqlı alındı ki, köməkçisi Cümhurbaşqanına vaxtın bitdiyini xatırladanda cənab R.Denktaş xəfif bir təbəssümlə “imkan verin, qardaşlarımızla istədiyimiz qədər söhbətləşək” dedi və bu söhbət düz bir saat çəkdi.
Digər tərəfdən, hər üç görüş zamanı R.Denktaşın timsalında təmkinli, dövlətinin və millətinin maraqlarını həyatından üstün tutan, liderə və bir türk rəhbərinə xas keyfiyyətləri müşahidə etdim.
Haşiyə 1: Xüsusilə üçüncü görüşümüz zamanı KKTC-də görüşdüyümüz sadə insanlardan tutmuş siyasətçilərə qədər böyük əksəriyyətin dilindən Onun haqqında bu fikri eşitdik – Cümhurbaşqanı postundan getməsinə baxmayaraq indi də bu dövlətin əsil sahibi kimi meydanda olan bir KİŞİdir.
Üçüncüsü, yuxarıda da vurğuladığımız kimi bu görüşlərin hər birində R.Denktaşın daxilində bir narahatlıq, həm KKTC, həm də ümumilikdə türk dünyasının başının üstünü alan problemlərlə bağlı siyasi liderə xas nigaranlıq hiss etdik: “Rumlar türklərin dövlətçilik haqqını tanımaq niyyətində deyillər. Ona görə də, ehtiyatlı olmalı, rumların oyununa aldanmamalıyıq”.
Rauf Denktaş olmasaydı KKTC də olmazdı
Beləliklə, bu dəyişməz və özünü doğruldan mövqeyə sahib R.Denktaş tarixə yoxdan var yaradan bir lider kimi düşüb. Uşaqlığının ilk saatlarında anasını, 15 yaşından sonra isə atasını itirən, 1947-ci ildə İngiltərədəki təhsilini başa vurub Kıbrısa döndüyü andan xalqının azadlığı uğrunda açıq və gizli fəaliyyətlər göstərən, 1949-cu ildən 1953-cü ilə qədər hüquq-mühafizə orqanlarında çalışan, rəsmi vəzifədən ayrılandan sonra Kıbrıs Türk Qurumları Federasiyasının başqanlığına seçilən, 1960-cı və 1970-ci ildə Türk Cəmaət Məclisinin başqanı seçilən, Türk Barış Hərəkatının ardından 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin elanını təşkil edən, 1985-ci ildə KKTC-ni elan edərək, bu ölkənin qurucusu və ilk Cümhurbaşqanı kimi tarixə düşən R.Denktaş, əslində, Kıbrıs türkləri üçün dövlətin və bayrağın varlığı kimi qəbul edilir.
Bu qənaətə gəlməyimizə səbəb həmin ölkəyə səfərlərimiz zamanı söhbət etdiyimiz insanların fikirləri oldu. Kıbrıs türklərinin hər birinin dəyişməz bir mövqeyi var. Onların fikrincə, əgər R.Denktaş olmasaydı KKTC də olmazdı. KKTC-dəki dostlarımdan birinin aşağıdakı fikri isə R.Denktaşın kimliyi barədə gerçək təsəvvür yaradır: “Mustafa Kemal Atatürk Türkiyənin, Heydər Əliyev Azərbaycanın var olmasında, dövlət kimi yaşamasında öz tarixi missiyalarını uğurla yerinə yetiriblər. Eyni zamanda, Rauf Denktaş da Kıbrıs türklərinin varlığı üçün üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib. O, türk dünyası tarixinə həyatını KKTC-nin varlığına həsr edən LİDER kimi düşüb”.
Ömür boyu sürəcək azadlıq şərqisi
Yazımızın bu məqamında türk qardaşlarımızın məşhur şərqisindən bir bəndi xatırlatmaq yerinə düşər:
Havasına, suyuna, taşına, toprağına,
Bin can feda bir tek dostuma.
Hər köşəsi cennetim, ezilir, yanar içim
Bir başkadır benim memleketim.
Məlumat üçün bildirək ki, bu bənd Ayten Alpmanın “Memleketim” mahnısındandır. Bu mahnı ötən əsrin 70-ci illərindən, daha doğrusu, 1974-cü il Kıbrıs savaşından sonra dillər əzbəri oldu. Həm də sanki azadlıq mücadiləsinə qalxan Kıbrıs türklərinin himni, döyüş musiqisi kimi qəbul edilməyə başladı. O gündən bu günə həmin mahnını eşidən hər kəs ilk növbədə Kıbrıs türklərini, onların şanlı mübarizəsini xatırlayır. Deyilənə görə, bu mahnını, bu şərqini Rauf Denktaşın özü də çox sevərdi.
Əslində, mən bu şərqini elə R.Denktaşın özü kimi qəbul edirəm. Yəni sanki onun hər bir sözü R.Denktaşı və azadlıq mücadiləsini, qəhrəmanlıqlarını əks etdirir. Belə demək mümkünsə, R.Denktaş Kıbrıs türkləri üçün ömür boyu sürəcək azadlıq şərqisidir.
Xüsusilə də onun yazmış olduğu “Karkot dərəsi” kitabını oxusanız həmin şərqidəki sözlərin sanki R.Denktaşın vətən sevgisini, mübarizəsini, dönməzliyini əks etdiridyi qənaətinə gələrsiniz.
Haşiyə 2: KKTC-yə 2005-ci ildə etdiyimiz ikinci səfər zamanı proqramımız çox sıx idi. Bu proqramda dəyərli R.Denktaşla ümumi görüş üçün cəmi 30 dəqiqə ayrılmışdı. Amma sağ olsunlar oradakı dostlar, məni qırmadılar. Növbəti gün günorta bu dahi şəxsiyyətlə özəl reportaj üçün mənə bir saatlıq vaxt ayrılmasına yardımçı olacaqlarını dedilər. Beləliklə, R.Denktaşla onun Lefkoşadakı İlhan Savut küçəsi, 16 ünvanında yerləşən qərargahında təkrar görüşərək gözəl bir müsahibə ala bildim. Müsahibənin sonunda yanındakı kitab rəfindən bir kitab götürərək “Bu “Karkot dərəsi”ndə doğulduğum, sonralar rumlar tərəfindən tamamilə yandırılaraq, yox edilən Aybifan kəndində keçən uşaqlıq və gənclik illərimin, mübarizəmin ilk illərinin xatirələrini qələmə almışam. İstəsəniz Azərbaycanda çevirib, çap edə bilərsiniz. Şəxsən sənə bunu etməyə icazə verirəm”, – dedi. Mən də sevə-sevə bu istəyi reallaşdırdım və “Karkot dərəsi”nin Azərbaycan türkçəsinə uyğunlaşdırılmışı 2007-ci ildə işıq üzü gördü.
Rauf Denktaşın müstəqil dövlətçilik davası Ersin Tatarın timsalında davam etdirilir
Rauf Denktaş dünyasını dəyişəndə zamanın Cümhurbaşqanı Derviş Eroğlu mətbuata açıqlamasında belə demişdi: “Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik. Kıbrıs türklərinin və türklük dünyasının başı sağ olsun. R.Denktaşın apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq”.
Bəli, bu gün əminliklə demək olar ki, R.Denktaşın müstəqil dövlətçilik davası Ersin Tatarın timsalında davam etdirilir. Hər addımında R.Denktaşın, Dr. Fazıl Küçükün ideallarına sadiqlik nümayiş etdirən sayın Cümhurbaşqanı Ersin Tatar bu posta seçildiyi ilk gündən bəyan edib: KKTC-nin dövlət haqqının tanınması qırmızı cizgimizdir. Necə ki, zamanında R.Denktaş adada əbədi sülhün ancaq iki suveren, bərabərhüquqlu dövlətin əməkdaşlığından keçdiyini deyirdi, bu gün eyni mövqeyi E.Tatar nümayiş etdirir.
Yeri gəlmişkən, R.Denktaş ömrünün son anlarında belə, “Mənim ən böyük övladım Kuzey Kıbrıs Türk Cümhuriyyətidir və o mənim üçün hər şeydən əziz və qiymətlidir. Hətta ailəm və övladlarımdan da… Müstəqillik önəmlidir, Ana Vətən Türkiyəyə güvənin” demişdi.
Əslində, qurucu Cümhurbaşqanının bu sözlərini bir vəsiyyət kimi də qəbul etmək lazımıdr. Necə ki, bu gün KKTC Cümhurbaşqanı və hökuməti bu vəsiyyətə uğurla, şərəflə əməl edir.
Bu gün Ana Vətən Türkiyə ilə çiyin-çiyinə dayanan KKTC qorxmaz, milli maraqlardan bir addım belə geri çəkilməyən, “Mən Rauf Denktaşın çizgisindəyəm. Həm Türkiyənin, həm də Kıbrıs türklərinin haqlarını müdafiə edirəm” deyən E.Tatar R.Denktaşın, Dr. F.Küçükün və Kıbrıs türkünün azadlıq müabrizəində qanı, canı ilə savaşanların arzularını reallaşdırmaq üçün inamla addımlayır.
Əminliklə deyə bilərik ki, KKTC-nin qurucusunun ruhunun daim şad olması üçün Kıbrıs türkləri onun başlatdığı azadlıq mücadiləsini E.Tatarın rəhbərliyi ilə qəti qələbə ilə başa çatdıracaq.