Son yeniləmə: 12 Yanvar 2022 09:53
Yücel Karauz: Belə davam edərsə Ermənistan yaratdığı qan gölündə özü boğulacaq
Bayraqdar.info – “Yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan tərəfindən törədilən hərbi cinayət nəticəsində bir Azərbaycan əsgəri şəhid olub. Şəhidimizə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirəm”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribatla bağlı fikirlərini bildirən türkiyəli general bunun təsadüfi olmadığını deyib: “Bəlli olduğu kimi Brüssel görüşü ərəfəsində də Ermənistan bu istiqamətdə təxribat törətmişdi. İndi isə Qazaxıstanda cərəyan edən proseslərin fonunda, xüsusilə də Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin fövqəladə toplantısının keçirildiyi, Türkiyənin Ermənistanla dialoqa başlanması üçün səfir Serdar Kılıçın görəvləndirilməsinin Resmi Gazetedə yayımlandığı, həmçinin Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edildiyi bir gündə Ermənistan növbəti dəfə hərbi təxribata əl atır. Bu, Ermənistan tərəfindən birbaşa Azərbaycan ərazisini hədəfə alan və beynəlxalq qanunlara zidd olan bir cinayətdir”.
Y.Karauzun sözlərinə görə, bu təxribat bir daha sübut etdi ki, Ermənistan terrordan və qandan bəslənən bir dövlətdir: “Azərbaycanın sülh üçün əlindən gələni etməsinə rəğmən, Ermənistanın atəşkəsi pozması bu dövlətin öz xislətindən əl çəkmədiyini ortaya qoyur. Lakin Ermənistan bilməlidir ki, bu təxribatlar ona heç də yaxşı sonluq vəd etmir. Ermənistan bu cür davranmaqda davam edərsə, yaratdığı qan gölündə elə özü boğulacaq. Bəlli olduğu kimi Azərbaycan dövləti və ordusu Ermənstanın növbəti cinayətkar, beynəlxalq hüquqa zidd əməlinə, torpaqlarına və əsgərinə qarşı törədilən cinayətkar hərəkətə artıqlaması ilə cavab verib. Ermənistanın rəsmən etiraf etdiyi kimi 3 əsgəri ölüb, yaralılsarın sayı isə dəqiqləşdirilir”.
Vurğulanıb ki, Azərbaycan Vətən müharibəsindən əvvəl olduğu kimi, 10 noyabr 2020-ci ildən etibarəndə hər zaman sülh və sabitlik üçün çalışıb, Ermənistanı da sülhə səsləyib: “Eyni zamanda, Türkiyə də bölgədə əbədi sülhün əldə edilməsi və bölgənin sabit şəkildə inkişafı üçün səylər göstərir. Amma görünən odur ki, Azərbaycanın və Türkiyənin bu cəhdlərinə, bu fəaliyyətlərinə Ermənistan terror və təxribatlarla reaksiya verir. Bizim sülh üçün uzatdığımız ələ qarşı Ermənistan qanlı əməlləri ilə cavab verir. Rəhmətlik Ozan Arifin söylədiyi kimi bu rüzgarı qanla, terrorla, beynəlxalq qanunları pozmaqla əkənlər fırtınanı biçməyə də hazır olmalıdırlar. Yəni belə davam edərsə Ermənistan bir daha Azərbaycanın dəmir yumruğunu başı üzərində görəcək”.
Baş verənlərin bölgədəki Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin üzərinə də müəyyən məsuliyyət qoymasına dair suala gəlincə müsahibimiz deyib: “Ermənistanla Azərbaycan arasında çoxsaylı sərhəd məntəqəsi olduğu üçün Birgə Monitorinq Mərkəzinin bu cür təxribatların qarşısını almasında problemlər yaradır. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki fəaliyyətlər çərçivəsində Rusiya sülhməramlı kontingenti Ermənistanın bu cür cinayətlərinin qarşısını almaq üçün əməli addımlar atmalıdır. Eyni zamanda həm Ermənistan-Azərbaycan sərhədindəki, həm də Azərbaycan torpaqlarındakı silahlı erməni terror ünsürlərinin cinayət əməli törətməməsi üçün də Rusiya sülhməramlılarının qətiyyətli addım atması vacibdir”.