Son yeniləmə: 13 Yanvar 2022 07:47
Bayraqdar.info – Yanvarın 12-də Prezident İlham Əliyev ölkənin bir sıra TV kanallarına geniş müsahibə verib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
“Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb”, – deyə xəbərdə bildirilir.
Ölkə başçısı jurnalistlərin suallarına cavab olaraq Qarabağ savaşındakı zəfərin ardından həyata keçirilən işlərdən tutmuş bu yaxınlarda çörəyin qiymətinin artırılmasına kimi bir çox məsələlərə aydınlıq gətirib.
Prezident Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının öz işlərinə yetərincə məsuliyyətli yanaşmamasına da münasibət bildirib. O, qeyd edib ki, Ermənistan tərəfdən Qarabağa daxil olanların 91 faizi yoxlanılmır. Geri qayıdanlar isə daha çox yoxlamaya məruz qalır. Bu isə ondan xəbər verir ki, sülhməramlılar ermənilər üçün Qarabağa gəlişi asanlaşdırıb gedişi çətinləşdirməklə əhali sayını çoxaltmağa çalışırlar.
Prezident onu da bildirib ki, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min nəfər əhali yaşayır.
Ümumiyyətlə maraqlı fikirlərlə zəngin olan geniş müsahibə bir çox qaranlıq məqamlara aydınlıq gətirməsi baxımından çox vacibdir.