Press "Enter" to skip to content

Kadr hazırlığı aparılan ixtisasların sayı səkkizə çatdırılıb

Son yeniləmə: 12 Yanvar 2022 18:17

Bayraqdar.info – Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyindən bayarqdar.info-ya bildirilib ki, bu barədə yanvarın 12-də bu Mərkəzə təşkil edilən media-turda məlumat verilib.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutan media-turda Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Yadullah Babayev media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında məlumat verib.

Vurğulanıb ki, 2020-ci ilin 14 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Peşə Təhsil Mərkəzinin açılışı olub: “6 korpusdan ibarət olan Mərkəz 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var”.

Qeyd edilib ki, Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Təhsil müəssisəsinin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və nəzəri biliklərini praktik əsaslarla təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir.

İlk tədris ilində (2020-2021-ci illər) Peşə Təhsil Mərkəzində 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdisə, 2021-2022-ci tədris ilində kadr hazırlığı aparılan ixtisasların sayı 8-ə çatdırılıb: “Hazırda Peşə Təhsil Mərkəzində torna və frezer dəzgahların, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, avtomatika üzrə usta, aqroservis mütəxəssisi, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, veb dizayner və proqram təminatçısı ixtisasları üzrə 150-dən çox tələbə təhsil alır. Təhsil müddəti 1 ildir və qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edirlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər”.

Bildirilib ki, Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Mərkəzin savadlı və təcrübi dərslərdə fəal olan tələbələrin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür.

Media nümayəndələri Peşə Təhsil Mərkəzində yaradılan şərait, dərs prosesi, laboratoriyalar və s. tanış olub, tələbələrin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-də keçdikləri təcrübə proqramında iştirak ediblər.

Mission News Theme by Compete Themes.